A

UNEC-də 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı sonuncu - 4-cü “Açıq qapı” günü keçirilib. Rektor, professor Ədalət Muradov bu dəfə də İctimai Nəzarət Şurasının üzvləri ilə birgə müraciətləri dinləyib.

Qəbulda İctimai Nəzarət Şurasının üzvlərindən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov və “525-ci qəzet”in  əməkdaşı Sevinc Qarayeva, həmçinin universitetin aidiyyatı struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

“Açıq qapı”da rektora müxtəlif məsələlərlə bağlı müraciətlər ünvanlanıb. İki nəfər UNEC-də işləmək istədiyini bildirib. Rektor Ədalət Muradov bu müraciətlərə çox isti yanaşıb. Hətta onlardan birinə elə növbəti semestrdən UNEC-in Zaqatala filialında, Türk dünyası iqtisad fakültəsində ixtisasına uyğun fənn tədris etməyi təklif edib.

Təhsil haqqı borcunun ödənilməsinə görə möhlət istəyən tələbənin müracəti də müsbət həllini tapıb. Rektor bildirib ki, ümumiyyətlə, bu məsələ ilə bağlı UNEC-də fakültə dekanlarına tam səlahiyyət verilib. Yəni, dekanlar maddi baxımdan sıxıntı yaşayan tələbələrin təhsil haqlarını hissə-hissə ödəmələrinə icazə barədə qərar verə bilirlər.

Xəstəliyi ilə bağlı dərslərə gələ bilməyən və qaib limitini aşdığına görə imtahana buraxılmayan qiyabi 5-ci kurs tələbəsinin güzəşt istəyinə də rektor tərəfindən müsbət cavab verilib.

Qəbulda imtahan sessiyası, daha doğrusu tələbənin biliyinin qiymətləndirilməsi ilə bağlı yalnız bir şikayət olub. Rektor Ədalət Muradov həmin müraciətin apelyasiya komissiyası tərəfindən obyektiv və qaydalara uyğun araşdırılmasını tapşırıb və müvafiq struktur bölmələrinin rəhbərlərinə göstəriş verib ki, buna ciddi nəzarət etsinlər.

Bu “Açıq qapı” günündə də imtahan prosesi ilə bağlı, demək olar ki, şikayətlərin olmaması İctimai Nəzarət Şurası üzvləri tərəfindən müsbət qiymətləndirilib. Şuranın üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib ki, “Açıq qapı”da imtahanlar, tədris prosesi, müəllimlərlə bağlı şikayətlərin artıq olmaması son illər UNEC-də davamlı görülən işlərin, həyata keçirilən islahatların nəticəsidir. “Müraciətlərdən əsas görünən odur ki, gənc, yüksək təhsilli, savadlı kadrlar UNEC-də işləməyə can atırlar. Bu isə universitetdə yaradılmış sağlam mühitə görədir”, - deyə Sahib Məmmədov əlavə edib.

Qeyd edək ki, UNEC-də  2019/2020-ci tədris ilinin qış imtahan sessiyası əyani təhsil alanlar üçün yanvarın 31-də bitib. Növbəti həftə qiyabi təhsil alanların imtahanları başlayacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay