A

UNEC-də distant tədrisin təşkili və tələbələrin biliyinin distant qiymətləndirilməsi UNEC İctimai Nəzarət Şurasının bu gün keçirilən növbəti iclasında müzakirə edilib.

Ölkənin tanınmış ictimaiyyət nümayəndələrinin təmsil olunduğu UNEC İctimai Nəzarət Şurasının üzvlərinə  universitetdə distant təhsilin tədrisində tətbiq olunan yeniliklər barədə məlumat verilib. Bildirilib ki, tədrisdə keyfiyyətin artırılması məqsədilə, dərslər modul sisteminə uyğun olaraq keçirilir və semestrlər 4 modulla əvəzlənib. Hər modulun sonunda isə imtahanlar təşkil olunur. UNEC-də dərslərə davamiyyət tələbi demək olar ki, aradan qaldırılıb və tələbələrin öz üzərində daha çox sərbəst işləmələri motivasiya edilir. Görüşdə Virtual laboratoriyaların tətbiq edildiyi və tələbələrin elektron kitabxanadan istifadəsinin təmin olunduğu da deyilib. 

UNEC-də xarici dilin tədrisində də yeni standartların tətbiq edildiyi şura üzvlərinin diqqətinə çatdırılıb. Belə ki, xarici dilin tədrisinin 2 ilə qədər artırldığı və tədrisin dinləmə, danışma, yazma, oxuma bacarıqları üzərində qurulduğu qeyd edilib. Növbəti yeniliyin isə üçüncü moduldan etibarən xaricdə fəaliyyət göstərən tanınmış professorların tədrisə cəlb olunması ilə bağlı olduğu vurğulanıb. 

İkinci moduldan etibarən bütün fakültələr üzrə monitorinq qruplarının yaradıldığı, bu qrupun əsas məqsədinin müəllimlərin potensialının artırılması istiqamətlərinin və müəllimlər üçün təşkil ediləcək təlimlərin mövzularını müəyyən etməkdən ibarət olduğu bildirilib. Müəllimlərin tədris zamanı texniki və texnoloji biliklərinin artırılması məqsədilə peşəkar mütəxəssislər tərəfindən çoxsaylı təlimlərin keçirildiyi, hazırda isə DİM nümayəndələri tərəfindən imtahan testlərin düzgün hazırlanması metodikasına dair 4 günlük təlimlərin başlağıdı və təlimlərin canlı olaraq UNEC-in rəsmi facebook səhifəsi üzərindən yayımlandığı vurğulanıb.

UNEC İctimai Nəzarət Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov UNEC-dəki yenilikləri alqışlayaraq, modul sisteminin tətbiqinin tələbələrin fəallığının artırılması və tədrisə cəlb edilməsi baxımından çox faydalı olduğunu deyib. Müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsini, eləcə də xarici professorların tədrisə cəlb olunmasını keyfiyyətinin artırılması istiqamətində mühüm rol oynayacağını deyib.

Millət vəkili Etibar Əliyev keyfiyyətli distant təhsil modelinin yaradılması məqsədilə pilot ali məktəbin seçilməsinin faydalı olacağını  diqqətə çatdırıb. Millət vəkili ölkədə distant təhsil mədəniyyətinin formalaşdırılmasının vacibliyindən də danışıb. Ali məktəblərdə dərsliklərin keyfiyyətinin artırılması məqsədilə dərslik laboratoriyalarının yaradılması və xarici dərsliklərin tərcüməsi işinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz distant təhsilin hazırda ənənəvi təhsilin alternativi kimi çıxış etdiyini deyib. UNEC-də tətbiq olunan modul sisteminin distant təhsildə daha çevik  və daha effektiv yanaşma olduğunu diqqətə çatdırıb.

Millət vəkili Arzu Nağıyev distant təhsilin təkmilləşdirilməsi istiqamətdə tətbiq olunan yeniliklərin müsbət nəticələr verəcəyinə əminliyini bildirib. Ölkədə distant təhsilin tətbiqi zamanı yaranan sosial problemləri və onların həlli yollarını açıqlayıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev seminarda tələbələrin fəallığının motivasiya edilməsini, xarici dilin tədrisində yeni standartların tətbiqini, eləcə də elektron kitabxana xidmətinin fəaliyyətini yüksək qiymətləndirib. O, testlərin hazırlanması və test bankının formalaşdırılması ilə bağlı xarici təcrübəni paylaşıb. 

Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı isə distant təhsillə bağlı ictimaiyyətin maarifləndirilməsinin vacibliyindən danışıb.

Görüş müzakirələrlə davam edib. Bildirilib ki, mövcud durumda distant təhsilin geniş tətbiq olunması daha təkmil və mütərəqqi distant təhsil modelinin formalaşması üçün böyük imkanlar yaradır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay