A

Azərbaycan Respublikası Nazirlər Kabineti 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.

Qərar Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi

 Q A Y D A S I

  1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsilinin maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

1.2. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin (bundan sonra – proqram iştirakçıları) seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir.

1.3. Proqram iştirakçılarının xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsi üzrə təhsili (bundan sonra – təhsil) Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti, beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri (bundan sonra – vəsaitlər) hesabına bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

1.4. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının 3 təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) və proqram iştirakçısı arasında bağlanılan müqavilə (bundan sonra – müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir.

1.5. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Nazirliyin nəzdində yaradılmış Dövlət Proqramının idarəetmə qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən icra olunur.

1.6. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında bu Qaydanın 1.3-cü bəndində göstərilən subyektlər (bundan sonra – maliyyələşdirən qurum) tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.

  1. Proqram iştirakçılarının xərcləri

2.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi onların aşağıdakı xərclərini əhatə edir:

2.1.1. təhsil xərcləri;

2.1.2. viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;

2.1.3. aylıq yaşayış xərcləri;

2.1.4. tibbi sığorta xərcləri;

2.1.5. beynəlxalq nəqliyyat xərcləri;

2.1.6. bank və plastik kart xərcləri.

2.2. Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilmir.

2.3. Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən mütləq tələb olunan xərclər aiddir.

2.4. Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması xərcləri aiddir.

2.5. Aylıq yaşayış xərclərinə yataqxana və ya mənzil kirayəsi, qidalanma, tədris materialları ilə təminat və digər xərclər (şəhərdaxili nəqliyyatdan istifadə, telefon danışıqları və s.) aiddir. Bu xərclər proqram iştirakçısının tədris ilinin başlanması və bitməsi tarixləri üzrə təhsil aldığı ölkədə olduğu dövrü əhatə edir.

2.6. Proqram iştirakçısının aylıq yaşayış xərclərinin məbləği və valyutası bu Qaydanın əlavəsinə uyğun olaraq müəyyən edilir.

2.7. Tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddəti ərzində tibbi sığortası üçün ödənilən icbari sığorta haqqı aiddir. Eyni zamanda, fors-major hallarında (baş verən zəlzələ, yanğın, təbii fəlakət, müharibə və digər fövqəladə hallar) və ya proqram iştirakçısının təhsil aldığı ixtisas iki və ya daha artıq ölkənin ali təhsil müəssisəsində aparıldığı halda icbari tibbi sığorta üçün ödənilən sığorta haqqı da bu xərclərə aid edilir.

2.8. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün tədris ilinin əvvəlində bir dəfə təhsil yerinə gedişi və tədris ilinin sonunda Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir. Fors-major hallarında uçuşla bağlı icbari qaydada tələb olunan tədbirlərə görə xərclər beynəlxalq nəqliyyat xərclərinə aid edilir.

2.9. Bank və plastik kartların xərclərinə proqram iştirakçılarının təqaüd kartlarına görə tələb edilən illik xidmət haqqı və təhsilinin maliyyələşdirilməsi ilə bağlı bank xidmətləri haqqının ödənilməsi xərcləri aiddir.

  1. Proqram iştirakçılarının xərclərinin ödənilməsi

3.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir. Proqram iştirakçısının minimum normativ təhsil müddətindən artıq müddətdə təhsilinin maliyyələşdirilməsi barədə qərar proqram iştirakçısının minimum normativ təhsil müddətinin bitməsinə azı 6 (altı) ay qalmış etdiyi və təhsil müddətinin uzadılmasının səbəbləri göstərilən müraciəti üzrə İdarəetmə Qrupunun təklifləri əsasında Nazirlik tərəfindən qəbul edilir. Təhsil müddəti uzadıldıqda, təhsilin maliyyələşdirilməsi bir semestrdən artıq olmayan müddətdə həyata keçirilir.

3.2. Akademik məzuniyyətdə olan dövrdə proqram iştirakçısının xərcləri maliyyələşdirilmir.

3.3. Proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürülür.

3.4. Aylıq yaşayış xərcləri proqram iştirakçısının təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlanması və bitməsi tarixlərinin göstərildiyi sənədlər əsasında proqram iştirakçılarının bank hesablarına ödənilir.

3.5. Proqram iştirakçılarının viza rüsumu və təhsil aldıqları ölkədə qeydiyyat xərcləri proqram iştirakçıları tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq ödənilir.

3.6. Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura və ya digər sənədlər əsasında ödənilir.

3.7. Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında İdarəetmə Qrupu tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün proqram iştirakçısı azı 1 (bir) ay əvvəldən İdarəetmə Qrupuna müraciət etməlidir. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir.

3.8. Proqram iştirakçısının xərcləri özü tərəfindən ödənildiyi halda, həmin xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər, ödənişi təsdiq edən sənəd, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir.

3.9. Bank və plastik kartların xərcləri təqdim olunan hesabfaktura və digər sənədlər əsasında müvəkkil bankın hesabına köçürülür.

3.10. Proqram iştirakçılarının təhsil aldıqları xarici ali təhsil müəssisələrinin dəyişdirilməsinə müqavilə ilə müəyyən edilmiş təhsil 6 müddəti saxlanılmaqla və xarici ali təhsil müəssisələrinin seçim meyarlarına uyğunluğu gözlənilməklə, İdarəetmə Qrupunun təklifləri əsasında Nazirlik tərəfindən razılıq verilir.

3.11. Proqram iştirakçılarının ixtisas istiqamətlərinin dəyişdirilməsinə yol verilmir.

3.12. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirilir.

3.13. Proqram iştirakçılarının xərcləri ödənilərkən, valyuta mübadiləsi məzənnələri arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də bu Qaydanın 1.6-cı bəndində göstərilən sifarişlərin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.

3.14. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlanması tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.

  1. Proqram iştirakçılarının hesabatlılığı

4.1. Proqram iştirakçısı hər semestr və ya tədris ili başa çatdıqdan sonra 1 (bir) aydan gec olmayaraq tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə təhsil aldığı xarici ali təhsil müəssisəsinin arayışını və qiymət cədvəlini (transkript) İdarəetmə Qrupuna təqdim edir.

4.2. Proqram iştirakçısının hər semestr və tədris ili başa çatdıqdan sonra tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq arayışa və qiymət cədvəlinə (transkript) əsasən akademik borcu olduğu müəyyən edildikdə, proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi həmin hal aradan qaldırılanadək İdarəetmə Qrupu tərəfindən dayandırılır. Proqram iştirakçısının akademik borcları aradan qaldırıldığı tarixdən onun maliyyələşdirilməsi bərpa edilir.

  1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqi

5.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqinin aparılması üçün İdarəetmə Qrupu başa çatmış hər təqvim ili üzrə 1 (bir) aydan gec olmayaraq maliyyələşdirən quruma həmin qurumun ayırdığı vəsaitdən istifadə haqqında hesabat təqdim edir.

5.2. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadə haqqında hesabatın forması maliyyələşdirən qurumla razılaşdırılmaqla Nazirlik tərəfindən müəyyən edilir. 

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış xərcləri ilə bağlı aylıq xərc normaları

 CƏDVƏL

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay