Türkiyənin məşhur "TRT WORLD" nəşrində yayımlanan "İran Qafqazdakı Zəngəzur dəhlizində Türkiyənin nüfuzuna boyun əyəcəkmi?" başlıqlı məqalədə dəhlizin açılma perspektivi ilə bağlı UNEC-in Elmi fəaliyyətinin təşkili və idarə olunması Departamentinin direktoru, Avrasiya İqtisadiyyatı üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun fikirlərini öyrənib.
"AzPolitika" xəbər verir ki, sözügedən məqalədə Zəngəzur dəhlizinin açılma perspektivindən, İran və Rusiyanın bu məsələdəki mövqeyindən bəhs edilir.
Z.Məmmədovun fikrincə, Tehranın Yaxın Şərqdə nüfuzunun azalması İranı dəhlizlə bağlı siyasətini yenidən qiymətləndirməyə vadar edə bilər.
Professor deyir ki, İran beynəlxalq güclər tərəfindən dəstəklənən Zəngəzur dəhlizi layihəsini qəbul etməsə də, bu yol Qafqazın əsas iqtisadi ehtiyaclarını ödəməyi, sabitlik, sülh və iqtisadi artım gətirməyi təklif edir.
"ABŞ-dən tutmuş Rusiyaya qədər hamı razılaşır ki, bu dəhliz gələcək rifahın qarantıdır. Bu, gələcəyə açılan qapıdır. Bu layihənin reallaşmasının qarşısını almaq mümkün deyil. İranın bu layihə ilə razılaşmaqdan başqa yolu yoxdur”, - deyə Z. Məmmədov qeyd edib.