A

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllifliyi ilə nəşr olunan bir sıra elmi dərsliklərin təqdimatı baş tutub.

Tədbirdə “Materialların fiziki-kimyəvi tədqiqat üsulları”, “Hidrologiya” və “Qida mühəndisliyi dizaynı və iqtisadiyyatı” adlı dərs vəsaitləri iştirakçılara təqdim edilib.

Təqdimatı giriş sözü ilə UNEC Əsaslı kitabxanasının müdiri Yusif Musayev açaraq bildirib ki, təqdim olunan dərsliklər müvafiq sahələr üzrə Azərbaycan dilində elmi kontentin zənginləşdirilməsində mühüm rol oynayacaq. O, qeyd edib ki, bu nəşrlər ölkədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, eyni zamanda tədris prosesinin daha da təkmilləşdirilməsinə töhfə verəcək.

“Hidrologiya” dərsliyinin müəllifi, dosent Mövlud Hüseynov kitabın eyni adlı fənn proqramına uyğun olaraq hazırlandığını və 15 əsas fəslə bölündüyünü qeyd edib. O, dərslikdə hidroloji dövran, su və enerji balansı, yağıntı və buxarlanma prosesləri, axın və yeraltı suların tədqiqi, statistik üsulların tətbiqi kimi mövzuların əhatəli şəkildə yer aldığını bildirib. Dosent vurğulayıb ki, bu dərslik Azərbaycanda “Hidrologiya” fənni üzrə yazılmış ilk dərslik olmaqla bir çox sahələr üzrə ixtisaslaşan tələbələr və mütəxəssislər üçün faydalı vəsaitdir.

“Materialların fiziki-kimyəvi tədqiqat üsulları” kitabı haqqında danışan dosent Aytən Niyazova isə bildirib ki, bu nəşr materialların strukturunu və xüsusiyyətlərini öyrənmək üçün müasir cihaz və metodların istifadəsini geniş şəkildə izah edir. Kitab oxucuların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə şərait yaradır.

“Qida mühəndisliyi dizaynı və iqtisadiyyatı” dərs vəsaiti ilə bağlı məlumat verən dosent Maya Kərimova isə vurğulayıb ki, bu nəşr müasir bazar tələbləri və qida sənayesinin spesifik iqtisadi məsələləri nəzərə alınmaqla hazırlanıb. Kitab tələbələrə qida sənayesinin iqtisadi mexanizmlərini kompleks şəkildə mənimsəməyə kömək edəcək, yerli müəssisələrin istehsalat və maliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına dəstək olacaq.

Sonda iştirakçılar tərəfindən müəlliflərə suallar ünvanlanıb, fikir mübadiləsi aparılıb və müvafiq sahələr üzrə gələcək nəşrlər haqqında təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR