"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Belə ki, Bəyannamədə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığa xüsusi yer verilməklə yanaşı, eyni zamanda, elm, təhsil, səhiyyə, mədəniyyət, humanitar, gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdiriləcəyi də öz əksini tapır".
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib.
C.Allahverdiyevin sözlərinə görə, Şuşa Bəyannaməsində Qars müqaviləsinə istinad edilməsi tarixi sənədə sadiqliyin nümayişidir: "Azərbaycan və Türkiyədən fərqli olaraq, Ermənistanın qonşularına ərazi iddiaları irəli sürməsi, təcavüzkarlığa meyillənməsi rəsmi Yerevanın beynəlxalq və tarixi müqavilələrə zidd siyasətindən xəbər verir. Bunun tamam əksinə olaraq Şuşa Bəyannaməsində də vurğulandığı kimi, iki türk dövləti Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin bərqərar olması, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, region dövlətlərinin münasibətlərinin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsinin tərəfdarıdır. Onu da vurğulamaq yerinə düşər ki, Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılacağı barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması mühüm məqamlardandır".
Araşdırmaçı-alim onu da qeyd edib ki, nəinki beynəlxalq hüququn bütün norma və prinsiplərinə, hətta imzaladığı müqavilələrə zidd olaraq Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasətin qarşısının alınması məsələsi də Şuşa Bəyannaməsində yer alıb: "Belə ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə xələl gətirdiyi xüsusi olaraq qeyd edilir. Bununla əlaqədar olaraq 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin iki ölkə tərəfindən birmənalı şəkildə dəstəklənməsi də sənəddə öz əksini tapıb".
C.Allahverdiyev deyib ki, 1915-ci il hadisələrini təhrif etmək məqsədilə erməni diasporu tərəfindən təşviq edilən erməni saxtakarlığının qarşısını almaq vacibdir: "Bu kimi fəaliyyətlərin qarşısını almaq üçün Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi də Bəyannamədə öz əksini tapıb. Xarici ölkələrdə milli mənafelərinin qorunması naminə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, həmçinin həmrəylik göstərilməsi mühüm əhəmiyyət daşıyır. Sevindirici haldır ki, tərəflər bu istiqamətdə səyləri birləşdirmək və qarşılıqlı dəstəyi təşviq etmək niyyətini bəyan ediblər".
Qaşqay ZİYƏDDİNOĞLU