A

"Xalq qəzeti"

Artıq xeyli vaxtdır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri aparılır.

Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, hər bir çıxışında bü­tün ərazilərimizin bərpa olunacağı ilə bağlı məlumat verib. Dövlət başçısı bu günlərdə Tərtər, Bərdə və Cəbrayıl rayonlarına səfəri zamanı Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən də bu barədə söhbət açdı.

Səfərlə bağlı fikirlərini bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Vəkil Hü­seynov dedi:

– Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfərləri za­manı həmişə ərazilərin tamamilə bərpa olunacağını, həmin ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlarımızın ləyaqətli şəkildə öz yurd-yuvalarına qay­tarılacağını bəyan edib. Təsadüfü deyil ki, müharibədən dərhal sonra bərpa işlərinə başlanılıb. Bəzi rayonların baş planları hazırlanıb. Şuşada tikinti-quru­culuq işləri böyük sürətlə davam edir. Prezident burada bir sıra açılışlarda da şəxsən iştirak edib. Bu istiqamətdə işlər ardıcıllıqla və planlı şəkidə davam etdirilir.

Bu günlərdə Tərtərdə olarkən dövlət başçısı strateji məntəqə olan Suqo­vuşan qəsəbəsinin erməni işğalından azad edilməsinin çox əlamətdar hadisə, böyük uğur olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan Ordusu Talış və Suqovuşanı böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində işğaldan azad edib.

Azərbaycan lideri Suqovuşan qəsəbəsinin əhəmiyyəti haqqında danışaraq qeyd etdi ki, burada Suqovuşan su anbarı yerləşir və bu anbar ətraf rayonlarda kənd təsərrüfatının inkişafında müstəsna rol oynayır. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu anbar Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Əsas məqsəd keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digərlərinə su vermək olub. Amma işğal dövründə mənfur düşmən Azərbaycana qarşı ekoloji terror – su terroru törədib, yay mövsümündə suyu kəsib, qış mövsümündə isə buraxıb. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalıb, qışda isə suyun buraxılması nəticəsində daşqınlar baş verib. Bununla da ermənilər əllərinə düşmüş bütün imkanlardan istifadə edərək, Azərbaycana böyük ziyan vurmaqla məşğul olublar. Bu məsələ, hətta Avropa Şurası Parlament Assambleyasında müzakirə olunub, müvafiq qətnamə qəbul olunub.

Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının ölkəmizin nəzarətinə keçməsi nəticəsində bu il 30 il ərzində ilk dəfə Tərtər və digər rayonlara su verilib. Bu günə qədər suvarılmayan, yaxud az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilib. Hazırda müvafiq kanallarda təmir işləri aparılır. Prezident İlham Əliyev bununla bağlı deyib: “Bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zo­nalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir”.

Dövlət başçısı bildirib ki, sovet dövründə Suqovuşan su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilib. Bunlar, eləcə də Kəlbəcər və Laçın rayonlarındakı 30-dan çox su elektrik stansiyası ermənilər tərəfindən dağıdılıb. İndi onların bərpası prosesi gedir. “Suqovuşan-1” və “Suqovuşan-2” stansiyaları isə artıq işlək vəziyyətdədir. Onlar yenidən qurulub, yenidən tiki­lib: “Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür”.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay