A

UNEC-in, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar rayonu təhsil sektorunun birgə təşkilatçılığı ilə, Qusar rayonunun məktəbliləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər.

Layihə çərçivəsində Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev, Qusar rayonu Aşağı Ləyər kənd tam orta məktəbinin direktoru Murad Həsənov, Qusar rayonu təhsil sektorunun inspektoru İldırım Zeynalov və abituriyentlər UNEC-in I saylı tədris binasında qonaq olublar.

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Şirinova abituriyentlər üçün universitetdəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD və Minor proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı və keçid balları barədə geniş təqdimatla çıxış edib. Təqdimat zamanı onları maraqlandıran sualları cavablandırıb.

UNEC Extern Mərkəzinin əməkdaşı Rəqəmsal UNEC barədə ətraflı məlumat verərək, elektron universitet modeli olan “EDUMAN” proqramının imkanlarını əyani şəkildə nümayiş etdirib. Həmçinin onlayn tədrisin aparıldığı studiyada müəllim və tələbə kabineti, “Bir pəncərə” sistemi, hibrid auditoriyalar və rəqəmsal idarəetmə mexanizmləri barədə şagirdlərə məlumat verilib.

Sonra şagirdlərə infotur təşkil olunub. Onlar 7/24 kitabxana, Oxu zalı, İmtahan zalı, tələbə yeməkxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, UNEC Muzeyi və akt zalları ilə tanış olublar. Həmçinin şagirdlər Vətən uğrunda canından keçmiş məzunların xatirəsini əbədiləşdirən Memorial-Xatirə Kompleksini də ziyarət edərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsi və ya UNEC-in rəsmi Facebook səhifəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay