“Həftənin kitabı” bu buraxılışını Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC İnklüziv Təhsil İli”nə həsr edərək, “Əlillik qüsur deyil – Disability is not inability” kitab-albomu təqdim edir.
“Əlillik qüsur deyil” kitab-albomda Ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində Prezident İlham Əliyevin tapşırığına əsasən atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən nəcib və xoşməramlı layihələrdən bəhs olunur. Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapıb.
Kitab-albomda incəsənətin müxtəlif növləri ilə məşğul olan fiziki məhdudiyyətli 60-a yaxın şəxs barədə məlumatlar və onların yaradıcılıq nümunələri də yer alıb. Nəşrə, həmçinin Azərbaycan Boccia İdman Federasiyası və bu idman növünə maraq göstərən fiziki məhdudiyyətli insanlar, onların uğurları, ilk inklüziv ƏSA teatrı, onun yaradıcı heyəti, hazırladıqları tamaşalar barədə məlumatlar daxil edilib.
2018-ci ildə nəşrdən çıxan “Əlillik qüsur deyil – Disability is not inability” 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur.
Oxucu-istifadəçilər bu kitab-albom ilə UNEC KİM-in 24/7 kitabxanasında yaxından tanış ola bilərlər.