UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt və effektiv elmi fəaliyyətə yeni baxış” ("Artificial intelligence and a new vision of effective scientific activity") mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışaraq, süni intellektin inkişafının bu gün effektiv elmi araşdırmalara yeni baxış gətirən mühüm sahə olduğunu qeyd edib.
Seminarın moderatoru, Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru, UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri Dr. Elxan Sadıqzadə məruzəçi barədə ətraflı məlumat verib, onun bu sahədə aparılan elmi tədqiqatlar üzrə aparıcı mütəxəssislərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Malaziyanın Utara Universitetinin professoru Ferdous Alam isə elmi tədqiqat nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının ən geniş formalarından birinin onların müxtəlif nüfuzlu jurnallarda çap edilməsi, bunun üçün isə təqdim olunan məqalələrin yüksək standartlar səviyyəsində hazırlanıb təqdim edilməsi olduğunu bildirib. Nüfuzlu elmi jurnallarda keyfiyyətli məqalələrin hazırlanması meyarları ilə bağlı təqdimatla çıxış edən məruzəçi məqalələrin beynəlxalq indeksli jurnallara təqdimetmə prosedurları, əsas nəşr standartları, jurnallara qoyulan tələblər, məqalələrin jurnalların tematikasına uyğun seçilməsi və s. barədə ətraflı məlumat verib.
İştirakçıların çoxsaylı suallarını cavablandıran məruzəçi qeyd edib ki, süni intellekt elminin inkişafı ilə artıq dünyada yeni dövr başlayıb. Dünyada məşhurlaşan “Chat GPT” ilə bağlı araşdırmaların nəticəsi olaraq onun gələcəkdə elmi fəaliyyətlə məşğul olan insanların işini kifayət qədər azaldacağı bildirib.
UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan seminarı LİNKƏ keçid etməklə izləyə bilərsiniz.