A

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru və İdarəetmə Sistemləri İnstitutunun Süni intellekt metodlarının tətbiqi və tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi professor Şahnaz Şahbazova Cənubi Koreyanın Daegu şəhərində keçirilən Beynəlxalq Fuzzy Sistemləri Cəmiyyətinin 20-ci Dünya Konqresində (IFSA 2023) məruzəçi kimi 2 məqalə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a professor Şahnaz Şahbazova məlumat verib. O qeyd edib ki, “Lütfi Zadənin bioqrafiyası və elmi irsi: “Soft Computıng, sistem nəzəriyyəsi, qərar və nəzarət” adlı birinci məqalədə dünyaşöhrətli alimin həyatı və elmi irsi ətraflı təsvir edilib. Məqalədə onun doğulduğu yerdən - Bakı şəhərindən ömrünün sonuna qədər olan dövr əhatə edilib. Müəllif, həmçinin Lütfi Zadənin elmi məqalələri və elmi əsərlərinin ilkin nəticələri, eləcə də elmi kəşfləri (qeyri-səlis nəzəriyyənin tarixi və xüsusiyyətləri, necə yarandığı) haqqında məlumat verib. Məqalədə Lütfi Zadənin digər alimlərlə - müəllimləri Norbert Viner, Con Raqazzini, Rudolf Kalman, Çarlz Deser və başqaları ilə elmi əməkdaşlığı barədə məlumat da yer alıb.

“Vizual və audioinformasiyaların hesablamalarının optimallığı üçün intellektual üsulun yaradılması” adlı ikinci məqalədə təbii mühitdə vizual və audioinformasiyaların tanınması problemini həll etməyə qadir olan ən sabit həllərin eksperimental axtarışının nəticəsi olan əsas üsullar nəzərdən keçirilib. Məqalədə obyektlərin təfərrüatlarının öyrənilməsinin mənfi təsiri təhlil edilib. Bu, bir tərəfdən hesablama yükünü əhəmiyyətli dərəcədə artırır (10 dəfəyə qədər), digər tərəfdən, tanınmanın müvəffəqiyyətinə praktiki olaraq təsir göstərmir. Çox vaxt bu cür tədqiqatlar obyektin özünün müəyyən bir semantik anlayışa aid olması dəqiq müəyyən edilməyincə zərərlidir.

Konfransda professor Ş. Şahbazovaya uğurlu çıxışına görə Cənubi Koreyanın Daegu Universiteti tərəfindən xüsusi mükafat və sertifikat təqdim edilib. Professor Ş. Şahbazova, həmçinin IFSA cəmiyyətinə Azərbaycan üzrə üzv seçilib.

 

TOP XƏBƏRLƏR