A

“UNEC-də kitab müzakirələri” layihəsi çərçivəsində növbəti müzakirə KİM-in dəstəyi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşkilatçılığı ilə baş tutub.

Könül Quliyevanın təqdimatında məşhur bestsellerlər “Emosional zəka” (Daniel Goleman) və "Bir şey" (Qari Keller, Cey Papazan) kitablarının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Karyera planlaşdırılıması və inkişafı” kafedrasının müdiri s.e.ü.f.d. Rəşad Məhərrəmov müasir gəncləri maraqlandıran mövzular içərisində emosional zəkanın xüsusi yer tutduğunu vurğulayıb. Bu səpgili kitabların mütaliəsinin insanların gələcək fəaliyyətlərində müsbət dəyişikliklərə səbəb olacağını qeyd edib.

Kafedranın müəllimi Könül Quliyeva kitablar haqqında geniş məlumat verərək, öncə, Daniel Golemanın “Emossional Zəka” kitabının özünüinkişafla bağlı olan məqamlarından bəhs edib. Müzakirələr zamanı iştirakçılara müasir dövrdə təhsil və biznes mühitində məntiqi təfəkkürlə yanaşı, emosional intellektin vacibliyi izah edilib və fərdi inkişaf üçün emosional zəkanın diqqətdə saxlanılması, təkmilləşdirilməsi vurğulanıb.

K.Quliyeva “Bir şey” kitabı barədə də danışıb. Bu kitabın oxuculara vaxtın və əldə olan resursların düzgün idarə edilməsi mövzusunda faydalı texnikalar təqdim etməsi baxımından əhəmiyyətli olduğu göstərilib.

Müzakirə zamanı UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva hər bir tələbənin peşəkar karyera yüksəlişində mütaliə ediləcək kitabların xüsusi əhəmiyyətindən bəhs edib.

KİM-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova kitabxana fondunun müəllim və tələbələrin istəklərinə uyğun olaraq, davamlı yenilənərək, zənginləşdirildiyini, burada müxtəlif mövzuları əhatə edən maraqlı və dünyada ən çox oxunan kitabların yer aldığını vurğulayıb.

Sonra mövzu ilə bağlı tələbə və müəllimlərin sualları cavablandırılıb.Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən gənclərə imzalı kitablar hədiyyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay