Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “31 Mart Soyqırımı – qan yaddaşımızdır” mövzusunda seminar keçirilib.
Tədbirdən öncə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilib.
Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, soyqırım aktını ermənilərin törətdiyi qanlı cinayətlərdən biri kimi qiymətləndirib, nankor qonşularımızın tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa sığmayan qanlı əməlləri ilə yadda qaldıqlarını qeyd edib.
“Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev 1918-ci ilin mart ayının sonlarından başlayaraq, Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb, bunun “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni daşnaklarının mənfur siyasətlərinin tərkib hissəsi olmasını qeyd edib. O, keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə Vətənə sevgi hisslərinin aşılanması, onlarda milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu da vurğulayıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.