UNEC- də Elm günləri çərçivəsində növbəti tədbir Kitabxana-İnformasiya Mərkəzinin (KİM) təqdimatında baş tutub.
“Tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən müzakirələrdə Elm üzrə prorektor dosent Fariz Əhmədov elmi tədqiqatlarda kitabxana resurlarından səmərəli istifadənin əhəmiyyətindən danışıb.
Sonra KİM-in direktoru tar.ü.f.d Adilə Abdullayeva UNEC-də tədrisin keyfiyyətinin və elmi tədqiqatların resurs təminatının gücləndirilməsində mərkəzin abunə olduğu beynəlxalq verilənlər bazası və jurnalların, rəqəmsal resursların rolundan bəhs edib. Eyni zamanda UNEC-də elmi tədqiqatların resurs bazasının genişləndirilməsi məqsədilə digər kitabxanalarla beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan imkanlar barədə ətraflı məlumat verib.
Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzinin müdiri Nigar Babayeva isə müasir qlobal rəqəmsal dərslik platformaları, elmi tədqiqatçıların məqalə dərc etmək üçün məlumat bazalarından yararlanması və saxta jurnal və nəşriyyatlardan qorunmağın yolları haqqında geniş təqdimat edib. Eyni zamanda, bu sahədə qarşıya çıxan problemlərin həllinə dair bir sıra səmərəli təkliflər səsləndirib.
Müzakirə formatında keçirilən tədbirin sonunda tədqiqatçıları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmaqla, mövcud problemlərin həlli istiqamətində müəyyən qərarlar qəbul edilib.