UNEC-də Elm günləri çərçivəsində “UNEC-də elmin rəqəmsallaşdırılması: dünya təcrübəsinin təhlili” mövzusunda müzakirə paneli keçirilib.
Tədbirdə UNEC Gənc Alimlər Şurasının sədri i.f.d Maral Camalova Polşa Universitetlərinin təcrübəsini təhlil edərək, elmin rəqəmsallaşması yolları, Polşada elm adamlarının mövcud rəqəmsal platforması olan “Ludzie Nauki” (People of Science), Varşava Universiteti Rəqəmsal İqtisadiyyat laboratoriyası (Polish Digital Economy Lab -DELab UW), Aİ-nin rəqəmsallaşmanın maliyyələşmə ilə bağlı təşəbbüsləri və fəaliyyətləri barədə çıxış edib.
Sonra Gənc Alimlər Şurasının üzvü Zəhra Qocayeva Birləşmiş Krallıqda proqram təminatı əsasında elmin rəqəmsallaşması, R&D strategiyasının rəqəmsallaşdırılması, “Keboola”, “Biz Skills” kimi rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramlar, onlayn tədqiqat platformaları olan “Eureka”, “Asana”, “Writer’s room”, “Zenhub”, Birləşmiş Krallığın “City of Albuquerque” elektron kitabxanası barədə maraqlı təqdimat edib.
Tədbirin növbəti mərhələsində UNEC-in müəllimi, Gənc alimlər şurasının üzvü Zeynəb Qiyasova UNEC-in elmi rəqəmsallaşmasında elmi, texniki və intellektual potensialdan istifadə barədə məlumat verib.
Sonra iştirakçılar arasında elmin rəqəmsallaşdırılmasına dair səmərəli müzakirələr aparılıb. Elmin rəqəmsallaşmasında müxtəlif xarici universitetlərin elmi rəqəmsallaşma siyasətinin müqayisəli təhlili, UNEC-də elmi fəaliyyətin tam şəkildə rəqəmsallaşdırılması istiqamətində görüləcək işlər və problemlərin birgə həllinə dair qərarlar qəbul edilib.