A

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın iqamətgahında ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarının məzunları ilə görüş keçirilib.

Tədbirdə səfir R.Sekuta Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimova “Fulbright Visiting Scholar” təqaüd proqramını müvəffəqiyyətlə bitirilməsi münasibətilə sertifikat təqdim edib. R.Sekuta bildirib ki, ABŞ-ın Təhsil və Mədəniyyət üzrə Dövlət Departementi M.İbrahimovun proqram çərçivəsindəki fəaliyyətini yüksək səviyyədə qiymətləndirib.

Qeyd edək ki, “Fulbright Visiting Scholar” proqramı çərçivəsində Müslüm İbrahimov professor statusunda bir semestr ərzində ABŞ-ın Texas Ştatının Qərbi Texas Universitetində (West Texas A&M University) bakalavr və magistratura pilləsində təhsil alan tələbələrə “Aqrar iqtisadiyyat”, “Beynəlxalq ticarət” və “Aqrobiznes firmaların menecmenti” fənlərini tədris edib. Həmçinin elmi tədqiqat sahəsində amerikalı həmkarları ilə birgə müştərək tədqiqatlara qatılıb, ABŞ-da keçirilən bir sıra elmi konfranslarda çıxış edib. M.İbrahimovun “Agriculture and the State of Food Insecurity in Western Africa” adlı müştərək məqaləsi “Journal of Agricultural and Applied Economics” jurnalında dərc olunub.

Proqram çərçivəsində M.İbrahimov Azərbaycanın ABŞ-daki səfirliyi tərəfindən təşkil olunan Vaşınqton şəhərində keçirilən “Trans-Caspian East-West Trade & Transit Corridor” adlı forumda iştirak edib. Eyni zamanda WTAMU-nun professor-müəllim və tələbə heyəti üçün Azərbaycanın siyasi və iqtisadi dayanıqlı ölkəyə çevrilməsinə təsir göstərən sosial-iqtisadi inkişaf meyilləri, Cənubi Qafqazın geoiqtisadiyyatı, Azərbaycanın tarixi, mədəniyyəti, eləcə də daxili və xarici siyasəti və digər istiqamətlərdə məruzələrlə çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay