Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Ortadoğu Texniki Universiteti (OTDÜ), Rusiyanın Ufa Dövlət Neft Texnologiyaları Universiteti (USPTU) və Özbəkistan Elmlər Akademiyasının Fizika-Texniki İnstitutunun (PhTI) birgə əməkdaşlığı ilə keçirilən “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri” adlı I beynəlxalq elmi-praktiki konfrans uğurla başa çatıb.
Konfransın açılışında UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev, Rusiyanın Ufa Dövlət Neft Texnologiyaları Universitetinin professoru Ramil Baxtizin, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Kimya elmləri doktoru professor Adil Qəribov, Veysəloğlu Şirkətlər Qrupunun baş direktor müavini İlqar Nuri tədbirin qlobal mühəndislik problemlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu vurğulayıblar, bu cür konfransların keçirilməyi mühəndislik və tətbiqi elmlərin inkişafına töhvə verəcəyini bildiriblər.
Konfrans daha sonra mövzu üzrə panel və sessiya iclasları ilə davam edib.
İki gün ərzində materialşünaslıq, ekoloji mühəndislik, mexanika, elektronika və qida mühəndisliyi kimi vacib sahələrdə dünyanın aparıcı alimlərini bir araya gətirib. Panel iclaslarının açılış hissəsində Gent Universitetindən Prof. Dirk Poelman, Özbəkistan Elmlər Akademiyasından Prof. Kadir Qulamov İtaliyanın CNR İnstitutundan Dr. Stefano Pelli məruzələrlə çıxış ediblər.
Daha sonra konfransda altı paralel sessiya çərçivəsində yüzdən çox məruzə təqdim olunub.
BP şirkəti və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə keçirilən beynəlxalq konfrans öz işini elm və sənaye əlaqələri mövzusuna həsr olunan vörkşop və poster sessiyalarının təqdimatı ilə tamamlayıb.