UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitet əməkdaşları tərəfindən hazırlanmış “İctimaiyyətlə əlaqələr” dərsliyinin təqdimat mərasimi baş tutub.
Tədbiri UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev açaraq bildirib ki, universitetdə kitab təqdimatlarının mütəmadi təşkili elmi mühitin inkişafına mühüm töhfə verir. O, vurğulayıb ki, təqdim olunan nəşr bu il ərzində işıq üzü görən 17-ci kitab, “Karyera planlaşdırılması və inkişafı” kafedrasının isə ikinci dərsliyidir. Prorektor yeni dərsliyi Azərbaycan dilində ictimaiyyətlə əlaqələr sahəsinin ədəbiyyat bazasında dəyərli resurs kimi qiymətləndirib və onun tələbələr, tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayacağını qeyd edib.
Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov çıxışında dərsliyin strukturunun müasir tələblərə uyğun olduğunu bildirib. O qeyd edib ki, kitab müasir informasiya mühiti, kommunikasiya yanaşmaları və ictimai münasibətlər kontekstində praktik biliklər təqdim etməklə bu sahədə təhsil alan tələbələrin əsas istinad vəsaitlərindən birinə çevriləcək.
Sonra AR Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə isə dərsliyi sahə üzrə peşəkar yanaşmanın formalaşdırılmasına verilən dəyərli töhfə kimi qiymətləndirib. Onun sözlərinə görə, ictimaiyyətlə əlaqələrin sürətlə inkişaf etdiyi dövrdə bu tip elmi-tədris vəsaitlərinin hazırlanması tələbələrin həm nəzəri, həm də real kommunikasiya bacarıqları qazanmasına imkan yaradır.
“Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi, AHİK-in şöbə müdiri Gülnarə Hüseynova çıxışında vurğulayıb ki, dərslik tələbələrə press-reliz hazırlanmasından media ilə əməkdaşlıq strategiyalarına qədər geniş spektrdə peşə səriştələrinin öyrədilməsinə xidmət edir və onları real iş mühitinə hazırlayan dəyərli bir mənbədir.
Sonda dərsliyin müəllifləri – i.ü.f.d., baş müəllim Simuzər Məmmədova və dosent Rəşad Məhərrəmov “İctimaiyyətlə əlaqələr” fənninin XXI əsrin sosial inkişaf meyilləri fonunda yeni yanaşmalar tələb etdiyini və yaradılmış dərsliyin məhz bu baxış bucağından hazırlanaraq xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar fənnin tədrisinin tələbələrin sosial-iqtisadi gerçəklikləri anlamaq və ictimai əlaqələrin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından mühüm rola malik olduğunu vurğulayıblar.
Tədbirin sonunda müəlliflər iştirakçılara imzalı kitablar təqdim ediblər.