Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti 27–28 noyabr 2025-ci il tarixlərində Malayziyada təşkil olunan AppliedHE X Change Forumunda iştirak edib.
Forum Sunway Universitetinin ev sahibliyi ilə Cənub-Şərqi Asiyanın 21 ölkəsindən olan 250-dən çox nümayəndəni bir araya gətirib.
UNEC tədbirdə geniş tərkibdə təmsil olunub. Nümayəndə heyətinə Beynəlxalq əlaqələr üzrə prorektor, i.f.d. Hüseyn Həsənov, rektorun köməkçisi Şamil Əliyev, Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, Layihələrin idarə olunması şöbəsinin müdiri Gültac Tahirli və Strateji inkişaf şöbəsinin müdiri Bəhlul Əliyev daxil olublar.
Forumun fəxri qonağı olan professor Ədalət Muradov iki fərqli sessiyada çıxış edib. O, tədbirin ikinci günündə Malayziya, Filippin və Hindistandan olan alimlərlə birgə “Taxta lövhələrdən Çatbotlara – Təhsil üçün növbədə nədir?” (“From Chalkboards to Chatbots – What’s Next for Education?”) adlı panel müzakirəsində spiker və panelist qismində iştirak edib. Paneldə universitetlərin rəqəmsal transformasiyadan sonrakı inkişaf mərhələsi, süni intellektin ali təhsilə təsirləri, qlobal mobillik dövründə ali məktəblərin rolunun dəyişməsi və gələcəyin ali təhsil modelinin əsas elementləri müzakirə olunub.
Forum çərçivəsində professor Ədalət Muradov həmçinin UNEC-in fəaliyyəti, strateji hədəfləri və son illərdə əldə etdiyi nəticələr barədə geniş təqdimatla çıxış edib. Təqdimat Cənub-Şərqi Asiya ölkələrindən olan iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, UNEC Cənub-Şərqi Asiya kimi sürətlə inkişaf edən və coğrafi baxımdan uzaq regionda bu səviyyəli tədbirdə iştirak edən ilk Cənubi Qafqaz universitetidir.