Mayın 5-də UNEC rektoru, professor Ədalət Muradov “I UNEC Science Slam” müsabiqəsinin finalçıları ilə nəticələri müzakirə edib.
UNEC rektoru finalçıları təbrik edərək, onlara tövsiyələrini verib. Bildirib ki, məqsədimiz tələbələrin fikirlərini sərbəst çatdıra biləcəkləri sağlam universitet mühitini formalaşdırmaq, eyni zamanda savadlı, bacarıqlı, elmi potensialı olan gəncləri üzə çıxarmaqdır. Ə.Muradov müsabiqənin gələcəkdə daha da təkmilləşdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Azərbaycanda bir ilk olan “Science Slam”ın ölkə universitetləri arasında keçirilməsi təşəbbüsünü də irəli sürüb. Qeyd edib ki, yeni tədris ilindən layihə il boyu davam edəcək, qruplar və fakültələr üzrə qaliblər müəyyən edildikdən sonra, may ayında müsabiqənin yekun konfransı olacaq. “Science Slam”ın zamanla daha da təkmil təşkil edilməsi məqsədilə tələbələr üçün “Məsləhət xidməti” fəaliyyət göstərəcək, mövzu seçimi ilə bağlı istiqamət veriləcək.
“Science Slam”ın qazandırdığı üstünlüklərdən danışan rektor, müsabiqəyə qatılan tələbələrin əsasında UNEC-də bazanın formalaşacağını da bildirib. “Science Slam”ın iştirakçıları xarici ölkələrdə, eləcə də nüfuzlu universitetlərdə keçirilən beynəlxalq konfranslarda UNEC-i təmsil edəcəklər. Qaliblər sonuncu kursda yekun attestasiya imtahanından da azad olacaqlar. Bu, iştirakçılara stimul verməklə yanaşı, digər tələbələr üçün də motivasiya olacaq, onların elmi-tədqiqata marağını daha da artıracaq. Məzun olduqdan sonra isə “Science Slam” qalibləri UNEC-də həm məsləhətçi, həm də mentor fəaliyyətinə də cəlb edilə bilərlər.
Görüşdə tələbələrin layihə ilə bağlı təkliflərl dinlənilib, sualları cavablandırılıb.
Sonda “I UNEC Science Slam”ın finalçılarına sertifikatlar təqdim edilib.