Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfrans keçirilib.
Konfransda müvafiq dövlət qurumlarının, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, startap layihələrinin dəstəklənməsi ilə birbaşa əlaqədar olan qurumların nümayəndələri, iş adamları və gənc startapçılar iştirak edib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasından söz açıb. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının, biznes ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şərait yaradılması, xüsusilə regionlarda yaşayan gənclərin iqtisadi sahədə fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə yaxın vaxtlarda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət Mərkəzi” və “Biznes İnkubasiya Mərkəzi” fəaliyyətə başlayacağı bildirilib. Bu mərkəzlərin sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, onların maarifləndirilməsi, əməkdaşlıq əlaqələrinin inkişafı, startapların dəstəklənməsində əhəmiyyətli olacağı vurğulanıb.
Konfransda UNEC-in müəllimi, Yunus Sosial Biznes mərkəzinin rəhbəri Fəridə Əsgərzadə də gənc sahibkar kimi çıxış edib. O, gənclərdə sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsinin aktuallığından danışıb. Eyni zamanda UNEC-də gənclər arasında startap fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən uğurlu layihələrdən bəhs edib. UNEC-in İnnovativ Biznes İnkubatorunun tələbələrin biznes ideyalarının reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb.