UNEC İqtisadiyyat fakültəsinin baş mentoru, “İqtisadçı” Tələbə Elmi Dərnəyinin rəhbəri Zeynəb Qiyasovanın təşəbbüsü ilə fakültə tələbələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XXIV Respublika tələbə elmi-praktik konfransında iştirak etmişlər.
Azərbaycan Dövlət İqtisad Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Sumqayıt Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Mühəndislik Universiteti, Bakı Biznes Universitetindən tələbə və magistrantlar iştirak ediblər.
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda UNEC İqtisadiyyat fakültəsinin Ekologiya ixtisası üzrə III kurs tələbəsi Nərmin Zeynallı, İqtisadiyyat ixtisasının II kurs tələbəsi Məmməd Məmmədov, I kurs tələbəsi Fuad Həsənov, Dünya iqtisadiyyatı ixtisasının I kurs tələbəsi Nərgiz Babayeva “Heydər Əliyev və müstəqil Azərbaycanın iqtisadi islahatları”, “Elm, təhsil və mədəniyyətin inkişafında Heydər Əliyev faktoru”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kimi müxtəlif mövzularla çıxış ediblər.
İqtisadiyyat ixtisasının II kurs, 184 saylı qrup tələbəsi Məmməd Məmmədovun Azərbaycan dili kafedrasının dosenti, həmçinin həmin qrupun mentoru Təranə Xəlilovanın elmi rəhbərliyi ilə “Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” adlı məqaləsi və eyni mövzuda məruzəsi XXIV Respublika tələbə elmi-praktik konfransında III yerə layiq görülmüşdür.
Məmməd Məmmədov eyni zamanda Tələbə Elmi Cəmiyyəti İqtisadiyyat fakültəsinin sədr müavini və fakültənin tələbə-mentorudur.