A

UNEC-də elmi fəaliyyətin təkmilləşdirilməsi məqsədilə fakültələrin hesabatlarının dinlənilməsinə start verilib.

Biznes və menecment fakültəsində keçirilən hesabat tədbirində Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov, fakültə və fakültə nəzdində fəaliyyət göstərən kafedraların rəhbərləri, eləcə də doktorantlar və tələbələr iştirak edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-də elmi fəaliyyət sahəsində hesabatlığı və şəffaflığı, elmi-tədqiqat nəticələrinin obyektiv təhlil və qiymətləndirilməsini təmin etmək məqsədilə rektorun 255/1/2019-cu il saylı 25.12.2019-cu il tarixli əmrinin icrasının həyata keçirildiyini bildirib. S.Yaqubov qeyd edib ki, elmi fəaliyyət haqqında hesabatların məqsədi UNEC-in elmi-tədqiqat universitetinə çevrilməsi istiqamətindəki mövcud vəziyyətini öyrənmək və gələcək tədqiqatları “UNEC-100 İnkişaf Strategiyası”na uyğun qurmaqdır.

Biznes və menecment fakültəsinin nəzdində olan “Biznesin idarə edilməsi”, “Ticarət və gömrük işinin təşkili”, “Menecment”, “Riyaziyyat”, “Azərbaycan dili”, “Rus dili” kafedralarının müdirləri illik elmi fəaliyyətləri haqqında - innovasiya fəaliyyəti, elmi-tədqiqat işlərinin yerə yetirilməsi, nəticələrin tədris prosesində və istehsalatda tətbiqi, qrant əsasında yerinə yetirilən elmi-tədqiqat işləri barədə hesabatlarla çıxış ediblər.

Fakültə dekanı, dosent Mirağa Əhmədov fakültənin elmi-təşkilati strukturu, elmi-tədqiqat işlərinin səmərəliliyi, xarici ölkələrlə əməkdaşlıq barədə məruzə edərək, fakültədə nəşr olunan elmi işlər və keçirilən elmi tədbirlər barədə hesabat verib. M.Əhmədov fakültə üzrə 2019-cu ildə 1 monoqrafiya, 3 dərslik, 6 dərs vəsaiti, 6 proqram və metodik göstərişin, 125 elmi məqalənin çap olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 96 məqalə respublikada, 29-u isə xaricdə nəşr olunub. Onlardan 9-u Web of Science bazasına daxil olub, 3 məqalə isə impact faktorlu jurnallarda dərc edilib. Dekan xarici ölkələrlə əməkdaşlıq və keçirilən elmi tədbirlər barədə də hesabat verib.

M.Əhmədov həyata keçirilən məqsədyönlü işlər nəticəsində fakültənin 2018/2019-cu tədris ilində Differensial Əmək Haqqı Sistemində meqafakültələr arasında birinci yerdə qərarlaşdığını vurğulayıb.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov isə UNEC-də həyata keçirilən elmi fəaliyyət və yeniliklər barədə hesabatla çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay