UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “Azərbaycan dilinin inkişafına dövlət qayğısı” mövzusunda onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Tədris və təlim texnologiyaları üzrə prorektor, dos.Anar Rzayev dilin millətin əsas meyarlarından olduğunu diqqətə çatdırıb. Hər bir dili xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitə kimi xarakterizə edib.
Departamentin direktoru, dos.Gülnarə Rzayeva Azərbaycan dilinin geniş təbliğ olunmasında, dünya dilləri arasında öz layiqli yerini tutmasında Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O, Ulu Öndərin Azərbaycan dilinə diqqət və qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Dilimizin saflığının qorunması istiqamətində çoxsaylı dövlət sənədlərinin qəbul olunmasından və həmin sənədlərin hər birində dilimizin təmizliyi, onun yad təsirlərdən qorunmasının əsas şərt kimi qoyulduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən “Azərbaycan dili” kafedrasının müdiri, prof.Tofiq Əbdülhəsənli mövzunun aktuallığından danışıb. Qeyd edib ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən başlıca amillərdən biridir və fikrimizin, duyğumuzun, düşüncəmizin ən incə çalarlarını ifadə etmək gücünə malikdir.
Sonra dos.Aynur Qədiməlıyeva “Azərbaycan dilinin təşəkkül tarixi” adlı məruzə ilə çıxış edib. Kafedrasının dosenti Vəfa Allahverdiyeva isə müasir dövrdə dünya birliyinə inteqrasiyanın, müxtəlif təşkilatlarla bağlanan müqavilələrin, eləcə də texnikanın inkişafının yeni anlayışların yaranmasını zəruri etdiyini bildirib.