A

UNEC-də "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn konfrans keçirilib.

İqtisadiyyat fakültəsi və Fakültə mentorluq xidmətinin təşkilatçılığı ilə keçirilən konfransda fakültə dekanı dos.Asiman Quliyev mövzunun əhəmiyyətindən danışaraq, məişət zorakılığı ilə bağlı problemlərin hələ də öz aktuallığını saxlamaqda olduğunu bildirib. Ölkədə məişət zorakılığına qarşı məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran A.Quliyev, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunduğunu, Prezident İlham Əliyevin dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazasının yaradıldığını vurğulayıb.

Konfransda İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Aytən İbadova “Məişət zorakılığının qiymətləndirilməsinin hüquqi əsasları”, dos.Ələddin Hacılı “Məişət zorakılığının sosial-iqtisadi aspektləri, DQƏTM-in direktor müavini, Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının dosenti Təranə Kərimova “Gender bərabərliyi dövlət və cəmiyyətin ortaq proqblemidir”, Rus İqtisad Məktəbinin direktoru, dos. Mənsur Bərxudarov “İslam qadın və cəmiyyətdə qadının rolu” mövzularında çıxış ediblər. Çıxışlarda məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə ətraflı məlumat verilib. Məişət zorakılığına məruz qalanların əsasən, qadın və uşaqlar olduğu vurğulanaraq, dünyada hər 3 qadından birinin gender əsaslı zorakılıqdan əzab çəkdiyi qeyd edilib. Bildirilib ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir. Problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatların və təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Qadınların, xüsusilə də bölgələrdə yaşayan qız uşaqlarının təhsilə cəlb edilməsinin, erkən nikahla mübarizədə ciddi ictimai qınağın və sərt cəza tədbirlərinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Konfrans müzakirələrlə davam edib. Tədbirdə ictimaiyyət arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, medianın bu sahədə fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay