UNEC-də “Cənubi Qafqazın müasir reallığı: beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulma imkanlarının artırılması” mövzusunda onlayn seminar keçirilib.
Seminarda UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək, aparılan müzakirələrin Azərbaycanın və Cənubi Qafqaz regionunun iqtisadi inkişafı baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri prof. İrşad Kərimli “Qarabağ regionunda iqtisadi rayonlaşma və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq imkanları” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı sabiq səfiri cənab Mesaad İbrahim Al Sulaim “Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasında ticarət və iqtisadi münasibətlərin gələcək inkişafı” mövzusunda çıxış edərək bildirib ki, son illər Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıq məsələləri müsbət istiqamətdə inkişaf etməkdədir. Məruzəçi işğaldan azad edilmiş Qarabağda aparılan quruculuq prosesində Səudiyyə Ərəbistanını təmsil edən şirkətlərin iştirakının iqtisadi əlaqələrimizin şaxələndirilməsinə önəmli töhfə verəcəyini qeyd edib.
Birləşmiş Ərəb Əmirliyinin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Abdalla Alshamsi “Cənubi Qafqaz regionunun iqtisadi inkişafının müasir problemləri” adlı məruzəsində vurğulayıb ki, xarici ticarət, regionun ixrac potensialı Cənubi Qafqaz regionunun iqtisadi inkişafında və regionun beynəlxalq iqtisadi inkişafında böyük rol oynayır.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında azərbaycan və ingilis dillərində müzakirələr aparılıb, məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Xarici Ticarətə Dəstək Mərkəzinin birgə təşkil etdiyi seminar facebook səhifəsi üzərindən canlı yayımlanıb.