A

Noyabrın 2-də UNEC-in 24/7 kitabxanasının fəaliyyətinin 3 ili qeyd edilib.

UNEC 24/7 kitabxanasının 3 illiyi münasibətilə “Postpandemiya dönəmində universitetlərdə hibrid kitabxana xidmətləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə UNEC-in struktur rəhbərləri, akademik heyəti, eləcə də respublikanın aparıcı universitetlərinin kitabxana rəhbərləri iştirak ediblər.

Tədbir UNEC-in əsas tədris binasındakı Şəhidlər Memorial-Xatirə abidəsinin ziyarəti ilə başlanıb. Tədbirin açılışından öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in Elm üzrə prorektoru prof. Sakit Yaqubov UNEC kitabxanalarının inkişaf mərhələlərindən danışıb, onların əhəmiyyətini diqqətə çatdırıb. Kitabxanaların hazırda hibrid rejimində çalışdığını vurğulayan prorektor, kitabxanaların davamlı inkişafı, innovativ xidmətləri, pilot layihələri, oxucuların informasiya resurs tələbatını operativ şəkildə ödəməsindən danışıb. O, kitabxananın 3 illik fəaliyyətinə dair statistik rəqəmləri də açıqlayıb.

UNEC KİM-in direktoru tar.ü.f.d. Adilə Abdullayeva rəhbəri olduğu UNEC KİM-in pandemiya dönəmindəki fəaliyyətindən, hibrid kitabxana xidməti zamanı oxucuların yerli və beynəlxalq elektron resurslarla informasiya təminatından, mərkəzin aparıcı ölkə kitabxanaları ilə əməkdaşlıq fəaliyyətindən, elmi-tədqiqat layihələrindən bəhs edib.

Sonra 24/7 Kitabxananın müdiri Arzu Məmmədova “UNEC Library 24/7 Brendi” məruzəsi ilə çıxış edərək, könüllü tələbələrlə aparılan işdən, kitabxananın təlimləri, layihələrindən danışıb.

Tədbir UNEC İTD İB-nin sədr müavini Nərmin İsmayılova və təşkilat üzvlərinin birgə hazırladıqları “Kitabxana mənim üçün ...” videoçarxının təqdimatı ilə davam edib.  UNEC KİM-in 24/7 Kitabxananın fəaliyyətində göstərdiyi peşəkar kitabxana xidmətlərinə görə kitabxana əməkdaşları, eləcə də kitabxananın layihə, tədbirlərində aktiv iştirak edən fəal tələbələr və oxucular təltif olunublar.

Tədbir çərçivəsində UNEC KİM-in direktoru Adilə Abdullayeva və BDU-nun Elmi Kitabxanasının direkroru dos. Nigar İsmayılova tərəfindən memorandum imzalanıb. Memoramduma əsasən, UNEC və BDU-nun elmi kitabxanası arasında kitabxana-informasiya resursları və kitabxana işi sahəsində təcrübə mübadiləsi inkişaf etdiriləcək.

Tədbir “Postpandemiya dönəmində universitetlərdə hibrid kitabxana xidmətləri” mövzusunda təcrübə mübadiləsi müzakirələri ilə davam edib.

Sonra qonaqlar UNEC kitabxanalarının və oxu zalının fəaliyyəti ilə yaxından tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay