UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC “Bir kəmər, Bir yol” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqazda yaranan yeni reallıqlar çərçivəsində «Bir kəmər, Bir yol» layihəsi üçün imkanlar” mövzusunda onlayn seminar keçirilib.
Mövzu ətrafında çıxış edən İqtisadiyyat kafedrasının dosenti, iqtisadçı ekspert Emin Qəribli “Bir Kəmər Bir Yol” layihəsinin iqtisadi və geosiyası tərəflərindən, gələcək perspektivlərindən və layihə çərçivəsində əməkdaşlıq etmək məqsədilə region ölkələrinin aparmalı olduqları tədbirlərdən danışıb.
UNEC “Bir kəmər, Bir yol” Tədqiqat Mərkəzinin tədqiqatçısı, iqtisadçı ekspert Aslan Əzimzadə Cənubi Qafqazda yaranan yeni reallıqlar çərçivəsində “Bir Kəmər, Bir Yol” layihəsi üçün mövcud olan yeni imkanlardan, işğaldan azad olunmuş ərazilər üçün layihənin yarada biləcəyi fürsətlərdən, eyni zamanda dünya iqtisadiyyatında baş verən yeni çağırışlara uyğun olaraq layihənin inkişafını səciyyələndirəcək yeni istiqamətlərdən bəhs edib.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.