A

AzEdu.az

10 noyabr 2022-ci il tarixində AzEdu Təhsil Portalının təşkilatçılığı ilə “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

AzEdu.az xəbər verir ki, müzakirələrdə müxtəlif universitetləri təmsil edən beynəlxalq əlaqələr və elm-təhsil məsələləri üzrə prorektorlar, ali təhsil müəssisələrinin digər səlahiyyətli nümayəndələri, millət vəkilləri, təhsil məsələləri üzrə tanınmış ekspert və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, bu istiqamətdə atılan addım və təşəbbüslərdən, mövcud problemlərdən danışılıb.

Müzakirəni açıq elan edən AzEdu Təhsil Portalının təsisçisi Elşad Eyvazlı yerli ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərindəki mövqeyindən söz açıb:

“Azərbaycanın əhalisi və ərazisinə görə yerli universitetlərin sayı nə çox, nə də azdır. Amma  ali təhsildə beynəlxalq reytinq sistemləri açıqlanan zaman universitetlərimizin bu siyahılarda yer almadığını, yaxud arzuolunan sıralamada qərarlaşmadığını görəndə təəssüf hiss keçiririk. Etiraf edək ki, universitetlərimizdə bu istiqamətdə boşluqlar mövcuddur. AzEdu Təhsil Portalı olaraq dünyanın müxtəlif ölkələrinin təhsili ilə maraqlanırıq. Qeyd edək ki, müəllimlərimiz bir çox ölkələrin müəllimlərindən, universitetlərimiz də bir sıra dünya universitetlərindən geri qalmır. Amma nəticə etibarı ilə dünya universitetlərinin sıralamasında istədiyimiz yerdə deyilik. Biz ali təhsil müəssisələrimizin reytinq cədvəllərində yaxşı yerlərdə qərarlaşmasını arzulayırıq. Hazırda xarici universitetlərə ölkəmizdən tələbə axını var. Bunun səbəblərini də aydınlaşdırmaq vacibdir”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı çıxışında azərbaycanlı gənclərin xarici universitetlərə axınına diqqət çəkib: 

"Bu gün orta məktəbi aşağı nəticə ilə başa vuran övladlarımız Rusiyada, Ukraynada, Türkiyədə və başqa yaxın ölkələrdə imtahansız universitetə qəbul olurlar. Belə olan halda azərbaycanlı ailəsi həmin universitet üçün sponsora çevrilir. Müxtəlif ölkələrdə təhsil alan tələbələrimiz müəyyən qrupların təsirinə düşə bilirlər. Bu da bizim təhlükəsizlik baxımından vacib məsələdir. Bəs biz bu axının qarşısının almaq üçün nə etməliyik? Universitetlərimizin qapılarını açmalıyıq,qəbulu asan,təhsili çətin etməliyik. Bacaran oxusun,öyrənsin. Başqa bir məsələ də bizim elmi jurnallarımızdır. Niyə bizim elmi nəşrlər beynəlxalq indekslərdə azlıq təşkil edir? Alimin bacarığı onun elmi tədqiqatlarına edilən istinadla ölçülür. Amma burada da çatışmazlığımız var. Mütləq ölkəmizdə tədqiqat universitetləri fəaliyyət göstərməlidir".

Milli Məclisin deputatı Ceyhun Məmmədov bəzi universitetlərin beynəlxalq reytinq sisteminə maraq göstərmədiklərini qeyd edib:

"İlk olaraq sual yaranır ki, universitetlərimiz bu məsələdə nə dərəcədə maraqlıdırlar. Bəzi universitetlər bu istiqamətdə müəyyən işlər görür, amma bir sıra universitetlər buna maraq göstərmir. Məsələn, hazırda bəzi bölgə universitetləri inkişaf üçün çalışır, yenilikçi addımlar atır. Əsas məsələlərdən biri də tədrisin keyfiyyətidir, universitetlərimizdə məzmun və keyfiyyət məsələsinə diqqət etməliyik. Həmçinin ali təhsil müəssisələrimizin beynəlxalq standarlara uyğunlaşdırılmasına çalışmalıyıq”.

Deputat qeyd edilən məsələ ilə bağlı nazirlik yanında komissiyanın yaradılmasını təklif edib:

"Düşünürəm ki,universitetlərimizin beynəlxalq qiymətləndirmələrdə iştirakı ilə bağlı Elm və Təhsil Nazirliyi yanında komissiya yaradılmalıdır. Bu komissiyada universitetlərin beynəlxalq əməkdaşlıq şöbələrinin nümayəndələrilə müzakirələr aparılmalıdır. Bu komissiyanın fəaliyyəti qeyd edilən istiqamətdə lazımı addımların atılması üçün vacibdir. Hazırda Ermənistanla bağlı bir çox müzakirələr təşkiı edilir. Onlar bu məsələ ilə bağlı kifayət qədər işlər görürlər. Erməni diasporu təhsil mövzusuna da xüsusi diqqət edir. Biz də universitetlərimizin beynəlxalq reytinq sıralamalarında yaxşı mövqelərdə qərarlaşması üçün lazımı addımları atmalıyıq".

Milli Məclisin deputatı Anar İsgəndərov müəllimlərin sosial problemlərinə diqqət çəkərək, tələbələrin imtahan prosesində iştirakında söz açıb: 

“Tələbələr imtahanlarda ən müasir texniki üsullardan istifadə etməklə “şparqalka”dan yararlanırlar.  Hazırkı dövrdə tələbə kitabdan istifadə etməsə də, kiçik qulaqcıqlarda, yaxud başqa vasitələrdən istifadə edərək imtahan verməyə çalışır. Halal cəmiyyət yarada bilməsək, heçnəyə nail ola bilmərik. Hər zaman müəllimlərə deyirəm ki, şagirdlərlə mübahisə etməyin. Problemlər həqiqətən çoxdur. Müəllimin maddi çətinliyi varsa, ondan ideal dərs gözləmək olmaz. İdeal dərsi arzulasaq da, alınmayacaq. Bu səbəblə ilk olaraq müəllimlərin sosial problemlərini aradan qaldırmaq, onlara diqqətlə yanaşmaq lazımdır”.

Universitetlərlə məktəblər arasında əlaqə yaradılmasının vacibliyini vurğulayan deputat Kamilə Əliyeva dərsliklərin ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən yazılmalı olduğunu bildirib:

"Hesab edirəm ki, orta məktəb dərsliklərini universitet müəllimləri hazırlamamalıdır. Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

“Universitetlərimizlə məktəblər arasında əlaqələr yaradılmalı,həmçinin keyfiyyətin yaxşılaşdırılması üçün bir çox məqamlara diqqət edilməlidir. Universitet müəlliminin yazdığı dərslik dil-üslüb baxımından orta məktəblər üçün arzuolunan səviyyədə deyil. Ümumi təhsil məktəblərinin dərslikləri elə o təhsil səviyyəsində çalışan müəllimlər tərəfindən yazılmalıdır. Məktəblərimizdə kifayət qədər savadlı, təcrübəli, istedadlı müəllimlərimiz var. Bu işi onlara əmanət etmək lazımdır".

"Universitetlərimizdə də tədris sadəcə müəllimlərin mühazirə oxuması və tələbələrin hazır ədəbiyyatlardan istifadə edərək qiymətləndirilməsindən ibarət olmamalıdır. Ali təhsildə dərslər müzakirə şəklində təşkil edilməli,müəllim-tələbə dialoquna əsaslanmalıdır. Müəllimin verdiyi ədəbiyyat siyahısı ilə kifayətlənmək tələbənin yüksək öyrənmə bacarıqlarının formalaşdırılması baxımından ürəkaçan deyil. Dərslər quru keçirilməməlidir"-deyə,o qeyd edib.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qonşu ölkələrin ali təhsildəki irəliləyişlərinə diqqət çəkərək, rəqabət mühitinin çətinliyini vurğulayıb:

“Reytinq cədvəlləri ali təhsildə rəqabət mühiti formalaşdırır. Bu mühitdə çox güclü xarici ali təhsil müəssisələri var. Məsələn, sadəcə, Eskişehir Universitetinin aeroportu var. Bəzi universitetlərin bir fakültəsinə bizim bir universitetimizin binası həcmində yer verilib. Bu kimi universitetlərlə bizim ali təhsil müəssisələrimiz necə rəqabət aparsın? Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ilə biz ötən aylarda bəzi Türkiyə universitetlərində olduq. Qardaş ölkənin universitetləri sonra illərdə çox inkişaf edib. Burada həmçinin Qazaxıstan,Qırğızıstan universitetlərinə də diqqət çəkmək lazımdır. Bizim ali təhsil müəssisələrimizdə isə inkişafa nail olmaq üçün çox sayda addımlar atılmalı,mövcud problemlər aradan qaldırılmalıdır”.

O.Gündüz tələbələrə diplomu universitetin verməli olduğunu qeyd edib:

"Universitetlərə muxtariyyət verilməlidir deyirik, amma tələbəyə diplomu belə Elm və Təhsil Nazirliyi verir. Qəbulu DİM həyata keçirir,tələbə 4 il universitetdə təhsil alır. Amma tələbəyə diplom verməyə haqqı yoxdur. Niyə? Bu doğru deyil,universitet özü məzununa diplom verməlidir. Rəqəmsallaşmadan danışırıqı,amma bunun bir faydasını görmürük”.

Əməkdar elm xadimi, pofessor Şahlar Əsgərov xüsusi istedadlı gənclərin dövlət tərəfindən himayə edilməsini təklif edib:

“Xarici dil öyrənmək məsələsini artıq orta məktəbdə yekunlaşdırlmalıyıq. Tələbə ali təhsilə başlayanda artıq bununla bağlı problemi olmamalıdır. Bizim ləl-cəvahir kimi uşaqlarımız var. Gələcəyimizin Üzeyir Hacıbəyovu, Lütfi Zadələri yetişir. Amma qərb onları özünə çəkir, gələcəyimizin gənclərini itiririk. Çox sayda istedadlı,sacadlı gənclərimiz var ki,onlar xarici universitetlərə axın edir,sonra orada qalıb həyatlarını qurmağı seçirlər. Beyinlərimiz qərbə üz tutur,qərb onları təhsili,iş imkanları,mədəniyyətilə özünə çəkməyi bacarır. Amma Məleykə Abbaszadənin bundan xəbəri olmur. Xüsusi istedadlı uşaqlarımızın dövlət tərəfindən himayəyə götürülməsi məsələsi qaldırılmalıdır. Onların ölkə gələcəyinə qazandırılması üçün vacib addımlar atılmalıdır”.

Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov reytinq cədvəllərində vacib hesab edilən tədqiqat məsələsini vurğulayaraq, universitetlərə tədqiqat bacarıqları olan mütəxəssislərin cəlb olmnasının əhəmiyyətini qeyd edib:

“Universitet müəlliminin ofisi olmalıdır,kafedra otağında tədqiqat aparılmır. Sovet dönəmində tədris universitetlərdə,tədqiqatlar isə Elmlər Akademiyasında aparılırdı. Bu səbəblə hazırda universitetlərimizdə tədqiqat mühiti formalaşmayıb. Universitetlərimizə sadəcə mühazirə oxuyacaq müəllim deyil,tədqiqat bacarığı olan mütəxəssislər lazımdır".

Qərbi Kaspi Universitetinin prorektoru Kəklik Gözəlova universitetlərə qəbulun asanlaşdıırlması, təhsil sisteminin çətinləşdirilməsilə fikirləri dəstəkləyib. Prorektor Avropa universitetlərində olduğu kimi bizdə də gənclərin universitetə qəbulda çətinlik yaşamamasını, sadəcə bacarıqlı olan, təhsilinə diqqət edənlərin universitetini bitirməsinə şəraitin yaradılmasının daha doğru olduğunu bildirib. O, həmçinin yerli universitetlərin çatışmazlığlı və təhsilin keyfiyyəti məsələlərinə də diqqət çəkib.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Turan Süleymanov universitetin son illərdə gördüyü işlərdən söz açıb. Departament rəhbəri UNEC-in tədrisin keyfiyyətinin yaxşılaşdıırlması, müasir texnologiyalarla təchizatı, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, tələbələr üçün yaradılan imkanlar, beynəlxalq əməkdaşlıqlar, əcnəbi tələbələrin cəlbilə bağlı atılan addımları nəzərə çatdırıb. T. Süleymanov eyni zamanda universitetin gələcək hədəflərini də nəzərə çatdırıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva universitetlərin beynəlxalq reytinq cədvəllərində yer alması üçün diqqət edilməli məqamlardan, yerli ali təhsil müəssisələrində bu istiqamətdə mövcud olan problem və boşluqlardan danışıb. Prorektor eyni zamanda məzunların təhsili başa vurduqdan sonra iş tapmaqda çətinlik çəkməsi məsələsinə toxunub. N. Abdullayeva AzMİU-da bu mövzuda atılan addımları nəzərə çatdırıb.

Azərbaycan Xarici Dillər Universitetinin prorektoru Jalə Qəribova beynəlxalq qiymətləndirmədə uğurlu nəticə göstərmək üçün universitetlərimizin rəqabətədavamlılığını möhkəmləndirməyin vacib olduğunu bildirib. O, ali təhsil müəssisələrinə muxtariyyətin verilməsinin əhəmiyyətinə diqqət çəkib.

Azərbaycan Texniki Universitetinin elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov universitet məzunlarının əmək bazarının tələblərinə cavab verməsinin vacibliyini qeyd edib. Bu istiqamətdə universitetlərdə tədrisin keyfiyyətinin yüksəldilməsinin və təcrübə imkanlarının yaradılmasının önəmini vurğulayıb.O, universitetlərin rektorları ilə yanaşı, pedaqoji heyətin də xarici səfərlərinin təşkili, dünya universitetlərinin təcrübəsilə tanış olmasının əhəmiyyətli olduğunu bildirib. F. Məmmədov AzTU-da bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa  xarici universitetləri nümunə götürərək yerli ali təhsil müəssisələrindəki mövcud çatışmazlıqlara diqqət çəkib. Ali təhsildə idarəetmənin yüngülləşdirilməsinin vacibliyini nəzərə çatdıran şöbə müdiri universitetlərə muxtariyyət verilməsi fikrini dəstəklədiyini bildirib. O, həmçinin universitetlərdə ingilis dilində tədris proqramlarının çatışmazlığından söz açıb.

Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov mövcud problemlərə rəğmən nikbinliyin qorunması və həll üçün lazımı addımların atılmalı olduğunu bildirib. Prorektor universitetlərin bu istiqamətdə yol xəritəsi müəyyən etməli olduqlarını qeyd edib.

Bakı Slavyan Universitetinin beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Ülviyyə Məmmədova tələbə mübadilə proramları çərçiəsində xaricdə müvəqqəti təhsil almaq üçün yollanan tələbənin geri qayıtdıqdan sonra kreditlərlə bağlı yaşadığı problemlərə toxunub. Kordinator bu kimi səbəblərlə tələbələrin müxtəlif proqramlardan imtina etdiyini qeyd edib. O, yerli universitetlərdə tədrisin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılmasının vacibliyini nəzərə çatdırıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova xaricdə təhsil alan gənclərin ölkəyə qayıtdıqdan sonra iş tapmaqda çətinlik çəkdiyini söyləyib. Prorektor müavini universitetlərdə ingilis bölməsində təhsil alan tələbələrdə xarici dil səviyyəsinin aşağı olduğunu, müəllimlərin tədrisdə çətinliklə üzləşdiyini qeyd edib. O, tələbələrə xarici dilin ümumi təhsil müddətində keyfiyyətli şəkildə aşılanmasının vacibliyini vurğulayıb.

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev  universitetlərin tədris proqramlarının beynəlxalq akkreditasiyası məsələsinə toxunub. Prorektor bu istiqamətdə ATU-da görülən işlərdən, yerli ali təhsil müəssisələrindəki  mövcud problemlərdən söz açıb.

Bakı Dövlət Universitetinin prorektoru  Məmmədov Hüseyn və Azərbaycan Dövlər Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Xəzangül Mahmudova da müzakirəyə qoşularaq mövcud problem və çatışmazlıqlar, onların həlli istiqamətində atılması vacib olan addımlarla bağlı öz fikirlərini bildiriblər.

Sonda dəyirmi masa iştirakçıları maraqlı təkliflər irəli sürüblər. Bu təkliflər arasında reytinq cədvəlləri haqqında bilgiləndirmə və bu istiqamətdəki irəliləmə metodları ilə bağlı təlimlər, həmçinin, ali təhsil müəssisələrimizin reytinq cədvəllərindəki yerini təhlil edəcək xüsusi mərkəzin yaradılması təklif edilib.

Tanınmış jurnalist Orxan Cabbarlı müəllif və aparıcısı olduğu "45 dəqiqə" proqramının növbəti buraxılışının bu məsələyə həsr olunacağı ilə bağlı görüş iştirakçılarını məlumatlandırıb və onları şənbə günü baş tutacaq verilişə dəvət edib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay