A

UNEC-də “Göz hərəkətlərini izləmə cihazı tədqiqat aləti kimi: DEMO” mövzusunda elmi seminar keçirilib.

Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) “Dizayn Fabriki”nin müdir müavini Dr. Serkan Alkanın təqdimatı ilə keçirilən seminarda iştirakçılara göz izləmə cihazının insan davranışına, düşüncə proseslərini anlamağa kömək edən və müxtəlif texnoloji proseslər vasitəsilə göz hərəkətlərini, mövqelərini və baxış nöqtələrini ölçməyə imkan verən mühüm texnologiya kimi müxtəlif sahələrdə tətbiqlərindən bəhs edib. O, çalışdığı “Dizayn Fabriki”nin fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, fabrikdə universitetin tələbə və tədqiqatçılarının birgə əməkdaşlığı ilə birgə innovativ məhsullar hazırlanır, tələbələrin dizayn layihələri üçün lazımi məkan və aparat infrastrukturu təmin edilir.

Seminarda göz tənbəlliyi xəstəliyinin müalicəsi üçün hazırlanmış oyun proqramından istifadə qaydaları da tələbələr tərəfindən test edilib. Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti Aysel Qəlbinur göz həkimi kimi təqdim olunan proqram təminatının faydalı olduğunu bildirib.Bu istiqamətdə UNEC, ODTÜ və Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq çərçivəsində tibbi texnologiyalar üzrə müştərək tədqiqatların aparılmasını təklif edib.

Rəqəmsal Tədqiqat mərkəzinin üzvü, dos. Təranə Əliyeva isə insan-kompüter qarşılıqlı əlaqəsi sahəsində ortaya çıxan problemlərin aradan qaldırılması istiqamətində aparılan tədqiqatların əhəmiyyətindən danışıb.

Müzakirələrdə kafedranın dosenti Hilalə Cəfərova, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri, kafedranın baş müəllimi Rəna Hüseynova müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.

Seminardan sonra Dr. Serkan Alkan “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələrə göz hərəkətini izləmə cihazı vasitəsilə tədqiqat aparılması, verilənlərin toplanması və onların statistik analizi haqda önəmli məqamları paylaşıb. Sonra kafedranın baş müəllimi Şamil Hümbətovun rəhbərliyi ilə tələbələrin hazırladıqları tədqiqat işlərinin göz hərəkətləri izləmə cihazı vasitəsilə praktik testləri keçirilib.

Seminar Rəqəmsal iqtisadiyyat fakültəsi, “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası, Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi və Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay