A

"Respublika" qəzeti

Bu il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ilk sələfi olan ali təhsil müəssisəsinin yaradılmasından 90 il ötür. Başqa sözlə desək, UNEC bu il 90 yaşını qeyd edir. Məlum olduğu kimi indiki Azərbaycan ərazisində müasir universitetlərin formalaşması tarixi o qədər də qədim deyildir. Müasir mənada ilk universitetimiz 1919-cu ildə təsis edilmiş, 1920-ci ildən sonra başlayan Sovetlər Birliyi dönəmində ölkədə ali təhsil qurumlarının formalaşması və inkişafında tamamilə fərqli yollar seçilmiş, 1991-ci ildən sonrakı müstəqil Azərbaycanda isə yenidən müasir universitet quruculuğu üçün imkanlar yaranmışdır.

Bilindiyi kimi, vaxtilə Sovetlər Birliyinə daxil olan bir çox respublikada iqtisadyönümlü ali təhsil qurumları yaradılmışdır. Ancaq müşahidələr göstərir ki, onlardan çox az qismi müstəqillik dövründə özünü transformasiya edə bilmiş və müasir universitet olma yolunda əhəmiyyətli yol qət etmişdir. Əminliklə qeyd etmək olar ki, bu ali təhsil qurumlarından biri də UNEC olmuşdur. Ən azından ona görə ki, UNEC Sovet dönəmində olduğu kimi indi də ölkədə abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil ocaqları arasında ön sıralarda dayanır və hazırda tələbə sayına görə respublikamızın ən böyük universitetlərindən biridir.

Müstəqillik dönəmində UNEC-in inkişafının ən önəmli istiqamətlərindən biri kimi onun həm də tədqiqat universitetinə çevrilmə yolundakı cəhdlərini və bu yolda əldə etdiyi uğurlu nəticələri qeyd etmək olar. Bilindiyi kimi, Sovet dönəmində bir çox digər institutlar kimi UNEC də əsasən tədris müəssisəsi olmuşdur. Bu baxımdan müstəqillik dönəminə ciddi tədqiqat potensialı olan qurum kimi daxil ola bilməmişdi. Məhz bu səbəbdən də universitetin tədqiqat potensialının formalaşdırılması yolunda uzun məsafə qət edilməli idi. Şübhəsiz ki, müstəqillik illərində bu istiqamətdə bir çox addımlar atılmış, tədbirlər görülmüşdür. Ancaq təhlillər göstərir ki, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan sonra ali təhsil sektorunda təhsil-elm-innovasiya üçbucağının formalaşdırılması məqsədilə həyata keçirilən islahatlar çərçivəsində atılan addımlar daha təsirli olmuş və real nəticələr əldə etməyə imkan vermişdir.Bu baxımdan UNEC-də elmi tədqiqatların genişləndirilməsi və keyfiyyətinin artırılması istiqamətində son illər əldə edilən nəticələr onun tədqiqat universiteti olma yolunda inamla addımladığını deməyə əsas verir.

Son illər görülən işlərin nəticəsi olaraq, hazırda UNEC-də tədqiqatların stimullaşdırılması üzrə diferensial əməkhaqqı sistemi, nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4 min manata qədər pul mükafatı və “tədqiqatçı” statusunun verilməsi mexanizmləri fəaliyyət göstərir. Eyni zamanda, nüfuzlu xarici alimlərin də rəhbərlik etdiyi 30-dan çox yeni tədqiqat mərkəzləri yaradılmış və anti-plagiat sistemi formalaşdırılmışdır. Təsadüfi deyil ki, bu mexanizmlərin tətbiqi nəticəsində UNEC-in nüfuzlu “Web of Science” və “Scopus” elmi bazalarındakı əsərlərinin sayı 2015-ci ildən sonra əhəmiyyətli dərəcədə artmış və ölkə üzrə lider universitetlər sırasına yüksəlmişdir. Bütövlükdə, UNEC-in “Web of Science” bazasına 1975-2020-ci illər arası dövrdə daxil olan elmi əsərlərinin 80 faizindən çoxu, 1991-2020-ci illər arası dövrdə daxil olan elmi əsərlərinin isə 90 faizindən çoxu məhz son 6 ilin payına düşür.

UNEC son dövrlər ölkədə nüfuzlu elmi tədbirlərin təşkilatçısı kimi də seçilir. Belə ki, universitet son illər milli və beynəlxalq statuslu çoxlu sayda nüfuzlu elmi tədbirin təşkilatçısı olmuş və bunların bir çoxu da ölkədə ilk təşəbbüs hesab edilir. Bunların arasında tələbələr üçün “Science Slam” elm müsabiqələri, “TEDxUNEC” konfransları, Nobel mükafatı laureatı Aziz Sancarın iştirakı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq konfrans (2017), “Web of Science” tərəfindən indeksləşdirilən “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq konfrans (2019), “İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı” (2019, 2020), “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq elmi konfrans (2020), “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC beynəlxalq forumu (2020) və s. xüsusilə qeyd edilə bilər.

UNEC-in son illər intensivləşən elmi fəaliyyəti təbii olaraq, onun beynəlxalq reytinqinə də ciddi təsir göstərmişdir. Belə ki, UNEC tarixində ilk dəfə olaraq, 14 iyun 2016-cı ildə QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmuş, İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universitetdən biri, iqtisadyönümlü isə bu regionun ən yaxşı 4-cü universiteti seçilmişdir. Eyni zamanda, 2017-ci ildə UNEC bu siyahıda mövqeyini daha 30 pillə yüksəldərək regionun ən yaxşı 161-170 universiteti sırasına daxil olmuşdur. Şübhəsiz ki, bu nəticələr əvvəllər heç bir beynəlxalq reytinq siyahısında görünməyən UNEC üçün çox böyük bir nailiyyət hesab edilə bilər.

Universitetin beynəlxalq reytinqlərlə bağlı mühüm uğurlarından biri də bu il baş vermişdir. Belə ki, 22 aprel 2020-ci ildə dünyanın ən nüfuzlu reytinq agentliklərindən olan “The Times Higher Education” tərəfindən açıqlanan “THE İmpact Ranking” reytinq siyahısında UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerdədir. Xatırladım ki, bu reytinq siyahısı dünya universitetlərinin fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölçülür.

UNEC-in son illər elmi əsərlərin nəşri sahəsindəki aktivliyini nəzərə alan “Clarivate Analytics” şirkəti onu “Outstanding Higher Education Organization”, “Web of Science Awards-2018” və “Most Progressive Universities in Web of Science for the Last 3 Years” mükafatlarına layiq görmüşdür. “Webometrics” agentliyinin hesabatları da göstərir ki, “Google Akadmik”dəki istinadların sayına görə UNEC ölkə üzrə 2017-2020-ci illər arasında hər il birinci sırada olub.

Şübhəsiz ki, UNEC əldə etdiyi bu uğurlarla kifayətlənə bilməz. Necə deyərlər, gediləsi hələ uzun bir yol var. Bu baxımdan universitet 2018-ci ildə qəbul etdiyi “UNEC-100” İnkişaf Strategiyasını qarşıdakı illərdə reallaşdırmaqla 100-cü ilini qeyd edəcəyini və 2030-cu ilə daha böyük uğurlarla daxil olmağı hədəfləyir. Strategiyada 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan strateji 7 məqsəd və 31 hədəf müəyyən olunmuşdur. Sözün əsl mənasında 2030-cu ildə tədqiqat universitetinə çevrilməyi özünün strateji məqsədi kimi qəbul edən UNEC, bu istiqamətdə magistratura və doktorantura təhsilini tamamilə mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış ən azı bir “beyin mərkəzi”nə sahib olmağı, sifarişlər və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını hər il artıraraq UNEC büdcəsinin 20 faizinə çatdırmağı, “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını hər il artıraraq ölkədə lider universitetlər səviyyəsinə yüksəlməyi, elmi məruzələri “Web of Science” və “Scopus” bazalarına daxil edilən ən azı 2 nüfuzlu beynəlxalq elmi tədbirə sahib olmağı, “Web of Science” və “Scopus” bazalarına daxil olan ən azı 3 elmi jurnalı olmağı, hər il bir dəfə iqtisadçı tələbələrin nüfuzlu beynəlxalq tələbə elmi konfransını təşkil etməyi və biznes dünyası ilə birgə reallaşdırdığı tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmağı hədəfləmişdir.

Strategiyaya görə UNEC, görüləcək bütün bu işlərin nəticəsi olaraq, 100 yaşını qeyd edəcəyi 2030-cu ildə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı hədəfləyir. Dünyanın ən yaxşı 500 universitetinin yer aldığı siyahının kompleks təhlili isə göstərir ki, UNEC-in bu hədəfə nail olması önəmli ölçüdə onun tədqiqat potensialından asılı olacaqdır.

Elşən BAĞIRZADƏ,
UNEC rektorunun müşaviri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay