UNEC Dizayn Məktəbinin əməkdaşları – dosent Yeganə Ağamalıyeva və baş müəllim Şəhla Abdullayeva 27–30 noyabr 2025-ci il tarixlərində Türkiyədə keçirilən “ULUSLARARASI GALATA UYGULAMALI BİLİMLER KONGRESİ”ndə UNEC-i təmsil ediblər.
Tədbirdə onlar “The Influence of National Motifs in Contemporary Textile Art on Fashion-Marketing Mechanisms” adlı elmi-tədqiqat işinin təqdimatını ediblər.
Tədqiqatda milli motivlərin müasir tekstil sənayesində istifadəsinin moda marketinqi mexanizmlərinə təsiri nəzəri və analitik baxımdan araşdırılıb, onların brend formalaşdırılması, istehlakçı davranışı və vizual kommunikasiya strategiyalarındakı rolu elmi əsaslarla şərh edilib. Rəqəmsal dövrdə milli elementlərin tətbiqinə dair əldə olunan nəticələr elmi ictimaiyyət və praktik sahə üçün dəyərli hesab olunub.
Səfər çərçivəsində UNEC nümayəndələri İstanbulun aparıcı ali təhsil müəssisələri – Galatasaray və Marmara Universitetlərində görüşlər də keçiriblər. Galatasaray Universitetində tədrisdə süni intellekt tətbiqi və birgə tədqiqat imkanları müzakirə olunub. Marmara Universitetində isə birgə elmi layihələr, qarşılıqlı seminarlar və fakültələrarası əməkdaşlığın genişləndirilməsi istiqamətində razılıqlar əldə edilib. Görüşlərdə beynəlxalq təhsil qurumlarının – NAFSA, EAIE, APAIE, EURIE və EURAS-ın ali təhsil şəbəkələrinin inkişafında rolu barədə məlumat təqdim olunub.
Səfər zamanı UNEC kitabxanasına bir sıra nəşrlər də hədiyyə edilib.