Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır.
1930-cu ildə əsası qoyulan Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. 93 illiyini qeyd edən UNEC bu gün Azərbaycanın və Qafqazın ən nüfuzlu universitetləri sırasındadır və ölkə ali təhsilini beynəlxalq reytinq siyahılarında təmsil edən universitetlərdəndir. UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.
UNEC yeganə ali məktəbdir ki, 4 dildə - ingilis, rus, türk və Azərbaycan dillərində tədris həyata keçirir. Yeganə universitetdir ki, xarici ölkədə - Rusiyada filialı var və yeganə dövlət universitetidir ki, onun İSO beynəlxalq keyfiyyət standartı var. UNEC bu gün ən nüfuzlu ali təhsil mərkəzlərindən birinə çevrilməkdə, dünyanın ən tanınmış universitetləri, iqtisadçı alimlərilə geniş əməkdaşlıq etməkdədir. Bu ali təhsil ocağının diplomları artıq dünyanın hər yerində tanınır, qəbul edilir. UNEC ali təhsil ocağı olmaqla yanaşı, həm də güclü elmi potensiala malik olan bir mərkəzdir. İnkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir.
UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir. UNEC öz missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə uğurla irəliləyir.
UNEC beynəlxalq reytinqlərdə yer alaraq, ciddi uğurlar qazanıb. QS dünya reytinqində UNEC 1001-1200, QS regional reytinqində 221-230, Times Higher Education Impact Rankings 801+, U-Multirank dünya reytinqində 251-300, Asiya üzrə isə 18 ən yaxşı universitet sırasında yer alıb.
QS Dünya Universitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr üzrə reytinqini (SUBJECT RANKİNGS 2023) açıqlayıb. Azərbaycan Dövlət İqtisad Universiteti ilk dəfə olaraq bu il İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəlib. Bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunan 16,4 milyon məqalələrin, 2016-2021-ci illərdə 117,6 milyon istinadların QS tərəfindən təhlili nəticəsində müəyyən edilib. Eləcə də, qiymətləndirmə zamanı, 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamlarının və 99 000-dən çox global işəgötürənlərin səsi nəzərə alınıb.
UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin edən əsas mənbədir. Son zamanlar müəllim və tələbələrdə öyrətmək və oxumaq həvəslərinin yeni metodlarla müşayiət olunması, universitetin reytinqinin hər il artması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
UNEC-in nüfuzunun günü-gündən daha da artması bu universiteti seçənlərin sayını ildən ilə artırır. Bu il UNEC-də bakalavr üzrə təhsil alanların sayı 4,1 faiz artıb. Ötən il bakalavr üzrə təhsilalanların sayı 14025-dən 14588, magistratura üzrə təhsilalanların sayı 4177-dən 4477-ə yüksəlib.MBA üzrə təhsil alanların sayında 54,08 faiz artım olub. Belə ki, MBA üzrə təhsil alanların sayı 1494-dən 2302-yə çatıb. MBA proqramı üzrə təhsil almaq istəyən tələbələrin 46 faizi UNEC-i seçir. Bu da çox qürurvericidir.
Standartlara görə, əcnəbi tələbə sayı ümumi tələbələrin 5 faizindən az olmamalıdır. 4 dildə təhsil verən UNEC-də bakalavriatura üzrə 22, magistratura üzrə 20 ixtisas, MBA poqramı üzrə 29 ixtisaslaşmaya qəbul aparılır. MBA proqramı üzrə 8 yeni ixtisaslaşma 2022-ci ildə yaradılıb. 2013-2014-cü illə müqayisədə bakalavriatura üzrə tələbə sayı 4,01 faiz, magistratura üzrə 7,1 faiz, MBA proqramı üzrə 54,08 faiz artıb. Qəbul planı müvafiq təhsil səviyyələri üzrə 3,57 faiz, 62,8 faiz, 84,8 faiz yüksəlib.
UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır. Tədrisin demokratikləşdirilməsi və himanistləşdirilməsi məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr 53 ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə mühazirələr yalnız distant formada aparılır. Tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə əldə etmələri üçün 2019-cu ildən "Bir Pəncərə Xidməti" fəalliyyətə başlayıb. Təkcə 2022-2023-cü ildə Bir Pəncərə Xidmətinə 17000 tələbə müraciəti olunub.
UNEC-də təkrar ali təhsil və əcnəbilərin qəbulu da tamamilə elektronlaşdırılaraq, onlayn qaydada həyata keçirilir. Regionda ilk dəfə olaraq, yeni tədris ilindən UNEC-də müasir tədris metodunu kökündən dəyişən "Çevrilmiş təhsil" (Flipped Education) metodu tətbiq olunur. Dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir.
Ölkədəki universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olmaları isə nəzərə alınmır. Lakin xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir və akademik traksriplərlə yanaşı, qeyri-akademik transkript də verilir. UNEC-i bitirən tələbələrə də qeyri-akademik transkript veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar verəcək. Həmin transkriptdəki QR kodu oxutduran işəgötürən UNEC tələbələrinin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq.
UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində də mühüm uğurlara nail olunub. Belə ki, Web of Science indeksli jurnallarda ümumilikdə çap olunan UNEC-ə mənsub 755 məqalənin 88 faizi, Scopus indeksli jurnallarda isə çap olunan 703 məqalənin 96 faizi məhz 2014-2022-ci illərin payına düşür.
UNEC-də həyata keçirilən mühüm yeniliklərdən biri də Assistentlik institutunun yaradılmasıdır. Kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.
Ötən ilin sentyabr ayından ali məktəbdə bütün qeyri-ixtisas fənləri distant şəkildə tədris olunur. "Flipped Education" modelinin tətbiqi sayəsində müəllim tələbələrə mühazirə keçmir. Belə ki, müəllim onlayn formada mühazirəni tələbəyə göndərir. Tələbə 20 dəqiqə ərzində mühazirə ilə tanış olduqdan sonra başa düşmədiyi məqam olduqda müəllimə bildirir.
UNEC-də ömürboyu təhsil mərkəzinin fəalliyətə başladığını, kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığı aparılır.
Hazırda əsas hədəf UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir. Bu təcrübə xarici universitetlərdə də var. Yerli ali məktəblərdə də tətbiqi haqda düşünmək olar. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Onda imtahana ehtiyac qalmayacaq.
UNEC-in Kitabxana İnformasiya Mərkəzində kitab fondunun sayının 85250 nüsxəyə çatdırılıb. Elektron resurs sayı isə bir milyondan çoxdur. UNEC-də 7 gün, 24 saat fəaliyyət göstərən kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, "Oxford University", "Cambridge University", "The MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University Press" və EBSCO bazalarına daxil olmaq mümkündür.
Həqiqətən UNEC son illər böyük uğurlara nail olub. Burada universitetin rektoru professor Ədalət Muradovun ciddi səyləri, əzmkarlığı və prinsipiallığı yüksək qiymətləndirilməlidir. Universitetin daima üzərində işlədiyi, yeniliklərin axtarışında olduğu, kadr bazasını təkmilləşdirməkdə maraqlı olduğu, təhsil ekspertləri ilə davamlı olaraq əməkdaşlıq etdiyi, müəllimlərinin maddi durumunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdığı müşahidə olunur.
2030-cu ildə ali məktəbin 100 yaşı tamam olacaq. UNEC rektoru professor Ədalət Muradov deyir ki, Azərbaycan Dövlət İqtisad Universiteti ən yaxşı ali məktəblər sırasında olmağa layiqdir: "Mən inanıram ki, buna nail olacağıq. Əsas məqsədimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 100 yaşı tamam olanadək dünyanın ən yaxşı 500 universiteti sırasında yer almaqdır".
Əminik ki, zamanla UNEC kollektivi daha böyük uğurlara imza atacaq və öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq.
Sevinc QARAYEVA