525-ci qəzet

Xəbər verdiyimiz kimi, 27 mart - 4 aprel tarixləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Elm günləri" kimi elan olunub.

Elm günlərində universitetdə elmin mövcud vəziyyəti, yeni dövr iqtisad elminin aktual mövzuları, UNEC tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi və sifarişli elmi tədqiqat işlərinin cəlb edilməsi, elmi jurnalların, konfrans materiallarının beynəlxalq elmi bazalarda indekslənməsi, Kitabxana-İnformasiya Mərkəzində tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi müzakirə olunacaq. Eyni zamanda UNEC laboratoriyalarının mövcud vəziyyəti və akkreditasiya imkanları, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması yolları müzakirə ediləcək. Həmçinin 2023-cü il iqtisadiyat üzrə Nobel mükafatçıları haqqında təqdimatlar olacaq, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması üzrə təlim keçiriləcək. 

UNEC ÖLKƏDƏ LİDERDİR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun sözlərinə görə, son illərdə UNEC-də elmi fəaliyyətdə ciddi uğurlar əldə olunub. "UNEC-də elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində son illərdə çox mühüm işlər görülüb. "Scopus"da çap olunan məqalələrin sayına görə 2014-cü illə müqayisədə 2023-cü ildə bu rəqəm 103 dəfə artaraq, 411-ə çatıb. "Scopus" bazasında istinadların sayı 46 dəfə artaraq, 693-ə yüksəlib. O qeyd edib ki, Q1 kvartilli jurnallarda çap olunan məqalələrin sayına görə UNEC ölkədə liderdir. UNEC alimləri 76 xarici ölkə alimləri ilə birgə məqalələr yazıblar: "İstinadların sayı 46 dəfə artıb. Q1-də çap olunan məqalələrin sayı (Q1-də ilk UNEC məqaləsi 2017-ci ilə aiddir) 35 dəfə, H indeksi 6 dəfə artıb. 76 xarici ölkə alimlərilə birgə məqalələr çap olunub". 

SCİMAGO REYTİNQİNDƏ AZƏRBAYCAN BİRİNCİSİ

Ədalət Muradov deyib ki, "Web of Science" bazasında 2014-cü illə müqayisədə məqalələrin sayı 59 dəfə, məqalələrə olan istinadların sayı isə 1673 dəfə artıb. UNEC SCimago reytinqində Azərbaycan birincisi olub. "İqtisadiyyat, ekonometrika və maliyyə" sahəsi üzrə dünyada 691-ci, Şərqi Avropada isə 33-cü yerə yüksəlib: "İstinadların sayı 1673 dəfə artıb (İlk istinad 2018-ci ilə aiddir). Q1-də çap olunan məqalələrin sayı 23 dəfə, H indeksi 5 dəfə artıb. 80 xarici ölkə alimlərilə birgə məqalələr çap olunub. 

UNEC-də 43 TƏDQİQAT MƏRKƏZİ FƏALİYYƏT GÖSTƏRİR

Rektorun dediyinə görə, UNEC-də 43 Tədqiqat Mərkəzi yaradılıb və hazırda fəaliyyət göstərir. UNEC Tədqiqat Mərkəzlərində 120 xarici tədqiqatçı tədqiqat aparır. Ölkədə və regionda ilk dəfə yaradılan Elmmetriya şöbəsi uğurla çalışır: "UNEC-də Elmmetriya şöbəsinin yaradılması vaxtında verilən ən düzgün qərarlardan biridir. Bu şöbənin işi bizim UNEC-də elmi fəaliyyətin nəticələrini hər an görməyə imkan verir və biz də bu fürsətdən istifadə edirik. Qeyd edim ki, SCOPUS və WEB of SCIENSE və Google Scholarda bütün tədqiqatçıların profili yaradılıb". 

FƏXR EDİLƏSİ NƏTİCƏ

Ədalət Muradov bildirib ki. SCİMAGO İnstitutlar Reytinginə görə UNEC Azərbaycanda 1-cidir. İqtisadiyyat, ekonometrika və maliyyə sahəsində tədqiqatlar üzrə UNEC Şərqi Avropada 49-cu, dünyada isə 825-cidir: "Fəxr ediləsi nəticədir. Qeyd edim ki, SCİMAGO-nun bu qiymətləndirməsi SCOPUS bazasında çap olunmuş elmi əsərlərin təhlilinə söykənir. Aprel ayının 4-də "QS Dünya Universitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr üzrə öz reytinqini açıqlayacaq. Son açıqlamada UNEC dünyanın İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 600 universitetləri sırasına daxil oldu. Tarixdə ilk dəfə. Biz 10 il əvvəl bu haqda düşünə bilməzdik. Dünyanın ilk 600-lüyünə düşən UNEC-in aprel ayının 4-də dünyanın ən yaxşı 400 universitetləri sırasına daxil olmasını gözləyirik. Düşünürəm ki, inşallah mən bu xəbəri sizlərlə paylaşacam". 

UNEC-də ELM SAHƏSİNDƏ ƏLDƏ EDİLƏN UĞURLAR

Ədalət Muradovun sözlərinə əsasən, UNEC-də elm sahəsində əldə edilən uğurlar onları çox sevindirir, amma sakitləşdirmir: "UNEC-lə bağlı müəyyən etdiyimiz strateji hədəflərə nail olmaq üçün elmi fəaliyyətin əlavə stimullaşdırılmasında ciddi fayda var. Yeni texnologiyalar və innovasiyalar yeni tədqiqat problemləri ortaya çıxarsa da, UNEC həmin yeni istiqamətlər üzrə öz potensialını reallaşdıra bilməyib. Söhbət süni intellekt və onun etik problemləri, kibertəhlükəsizlik təhdidləri ilə mübarizə, iqlim dəyişikliyi, inkişafın dayanıqlılğı, dezinformasiya problemləri, texnologiyaya çıxış və rəqəmsal uçurum, verilənlər, onların məxfiliyi və qorunması kimi tədqiqatlardan gedir. Bu sahədə tədqiqatların aparılması üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad olundu. Azərbaycanda erməni problemi kökündən həll edildi, tarix yazıldı. Təəssüf ki, UNEC alimlərin tədqiqatlarında Qarabağın işğaldan azad edilməsi, pandemiya ilə bağlı baş vermiş köklü dəyişikliklər tədqiqat predmetinə çevrilmədi. Qarabağın işğaldan azad edilməsini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsini, pandemiyanın ölkəmizdə yaratdığı yeni normallıqları hələ də UNEC tədqiqatçılarının əsas tədqiqat istiqamətinə çevirə bilmədik. Noyabrın 29-da Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı -COP29 keçiriləcək. Ümid edirəm ki, UNEC alimləri COP29-la bağlı problemləri öz tədqiqat istiqamətləri kimi reallaşdıracaqlar". 

"GƏLƏCƏK ƏSR DEYİL, ƏSƏRDİR"

Ədalət Muradov qeyd edib ki, yanvar ayının 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində açıq və birmənalı dedi ki, yeni dövr başlayır və yeni dövr üçün yeni ideyalara ehtiyac var. Prezident müraciət etdi ziyalılara, siyasətçilərə, politoloqlara ki, yeni ideyalar geniş ictimai müzakirələrə çevrilsin: "Biz UNEC olaraq ölkə miqyası üçün əhəmiyyət kəsb edə biləcək, əhatə edə biləcək belə bir təşəbbüsə start verdik. Bu təşəbbüsün başlığını "Gələcək özümü gələcək" qoyduq və gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş ilk müzakirənin "Gələcək əsr deyil, əsərdir!" adlandırdıq. Bizim belə müxtəlif sahələr üzrə silsilə tədbirlərimiz olacaq. Mən istəyirəm ki, UNEC-in bütün fakültə və kafedralarında yeni ideyalarla bağlı müzakirələrə start verilsin". 

ELMİN RƏQƏMSALLAŞDIRILMASI İLƏ BAĞLI HƏDƏFLƏR

Rektorun söylədiyinə görə, UNEC-də elmin rəqəmsallaşdırılması ilə bağlı müəyyən etdilən hədəflərə tam nail olunmayıb: "Biz UNEC-də elmin rəqəmsallaşdırılması ilə bağlı müəyyən etdiyimiz hədəfləri reallaşdıra bilmədik və bu istiqamətdə hazırda yeni fəaliyyət planı reallaşdırılmaqdadır. UNEC-də gənc alimlərin elmi potensialının reallaşdırılması üçün hələ də əlavə tədbirlərə və yeni yanaşmalara zərurət var. Artıq UNEC-də elmin rəqəmsallaşdırılması ilə bağlı ciddi işlərə başlamışıq. Elmi işlər üzrə prorektora bununla bağlı tapşırıqlar verilib. Təhlillər artıq yekunlaşır. Düşünürük ki, dərs ilinin sonuna qədərelmin rəqəmsallaşdırılması ilə bağlı UNEC-in rəqəmsal platformasının işə salınması başa çatmalıdır. Elm sahəsində söz sahibi böyük, güclü iqtisadiyyata sahib olan ölkələrdir. Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələr bu baxımdan hər zaman ciddi cağırışlarla üz-üzədir. Bu cağırış daimi olaraq qalacaq. Nə etməli? Beynəlxalq təcrübənin bizə göstərdiyi yeganə çıxış yolu ondan ibarətdir ki, həmin inkişaf etmiş ölkələrin tədqiqatçıları ilə əməkdaşlıq genişləndirilməlidir. Mən çox istərdim ki, bizim tədqiqatçıların beynəlxalq əməkdaşlıq şəbəkəsi daha da genişlənsin. Gənc alimlərin potensialının reallaşması üçün UNEC-də keçirdiyimiz tədbirlər hələlik öz nəticəsini vermir. Biz bununla bağlı Gənc Alimlər Şurasının rəhbərliyində dəyişiklik etdik. Gənc tədqiqatçılarla mənim görüşüm oldu və bizim onlarla həyata keçirməli olduğumuz tədbirlər haqqında açıq söhbətimiz baş tutdu. Düşünürəm ki, gənc alimlərin potensialının reallaşdırılması üçün əlavə tədbirlərə ehtiyac var: "Elmin maliyyələşdirilməsində də ciddi problem mövcuddur. Elmi tədqiqatlarda, elmi fəaliyyətdə UNEC-in əldə etdiyi bütün nəaliyyətlər istinasız olaraq universitetin vəsaiti hesabına maliyyələşdirilib". 

UNEC ÖZ LİDERLİYİNİ QORUYACAQ

Ədalət Muradov hesab edir ki, bu gün elmin maliyyələşdirilməsinə yanaşmaya aydınlıq gətirilməlidir. Dünya təcrübəsi göstərir ki, bütün hallarda söz sahibi dövlət olaraq qalır. Dövlət onu maraqlandıran tədqiqat istiqamətləri üzrə sifariş verir və bu sifariş əsasında maliyyələşdirir. Ya da tədqiqatlara təşəbbüslə çıxış etmək imkanı yaradılır. Yenə də tədqiqatçıların təşəbbüsünü dövlət qiymətləndirir və müsbət qiymətləndirildiyi halda maliyyələşdirilir. Azərbaycanda elmin maliyyələşdirilməsi deyiləndə AMEA-nın maliyyələşdirilməsi nəzərdə tutulur. Bu yanlış yanaşmanın dəyişdirilməsinin vaxtıdır. Elmin maliyyələşdirilməsi üçün mütərəqqi bir modelin, sistemin formalaşdırılması vacibdir: "Biz belə modelin hazırlanmasında iştirak etməyə hazırıq və bizim bununla bağlı baxışımız var. Amma yeni maliyyələşmə modelini tətbiq etməmişdən öncə ölkədə bugünə qədər mövcud olan elmin təşkilində sovet modelindən kənarlaşmaq qaçılmazıdır, zəruridir. Sovet modelli elmə maliyyə yatırmağın mənası yoxdur. Bununla da bağlı UNEC-in öz təklifləri, modeli var. Düşünürük ki, elmi dərəcə adların verilməsindən başlayaraq islahatı qısa vaxt ərzində tamamlana biləcək, əlavə vəsait tələb etməyən islahat mümkündür. UNEC belə islahat modelini keçirməyə hazırdır. Bizim elə modelimiz var. Ölkədaxili tədqiqat qurumları arasında əməkdaşlığın qurulması həyati əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda biz bu rəqabəti görə bilmirik. Verilmiş bəzi yanlış qərarlar bu əməkdaşlığa mənfi təsir göstərir. Bəzi hallarda verilmiş qərarlar ali təhsil müəssisələrində elmi tədqiqatların güclənməsinə fayda yox, zərər verir. Digər tədqiqat institutunun uğurları sadəcə bu və ya digər universitetin uğurları kimi göstərilir. Nəticədə universitet elmin inkişafı baxımından əhəmiyyət kəsb edən qərarlar vermək əvəzinə ehtimal olunan ziyanın minimallaşdırılması üçün qərarlar vermək məcburiyyətində qalır. Bu, yanlış mühitdir. Bu mühitin qısa vaxt ərzində ciddi dəyişdirilməsinə ehtiyac var. UNEC artıq ölkənin ən yaxşı universitetidir. Bu, UNEC rektorunun istəyi, arzusu, qiymətləndirməsi yox, beynəlxalq reytinq agentliyi olan QS-nin qiymətləndirməsidir. Etiraf etməliyik ki, UNEC-də atılan hər bir addım kənardan çox ciddi izlənilir. Bu yenilikləri həyata keçirməklə universitetimiz həm də ölkəmizdə elmin inkişafına sanki bir motivasiya verir. UNEC öz liderliyini qoruyacaq. Artıq UNEC sübut etdi ki, potensialın reallaşdırılması üçün münbit şərait olduğu halda UNEC də yetərli potensial var. Düşünürəm ki, bu potensialın daha səmərəli istifadə edilməsi UNEC rəhbərliyinin əlavə tədbirlər görməsini tələb edir. Biz bu tədbirləri görəcəyik və sizi bir daha əmin etmək istəyirəm ki, UNEC məni rektor təyin edərkən Prezident tərəfindən mənim qarşımda qoyulmuş vəzifəni icra etmək iqtidarındadır. Biz dünya səviyyəli universitet olacağıq və o gün çox yaxın gələcəkdədir".

Sevinc QARAYEVA

PDF 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay