Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kitabxana İnformasiya Mərkəzinin (KİM) və Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabının təqdimatı keçirilib.
Tədbiri Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva açaraq, kitabın elmi əhəmiyyətini vurğulayıb və nəşrin suverenlik mövzusunun araşdırılmasına sanballı töhfə verdiyini qeyd edib.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva çıxışında kitabın suverenlik anlayışının hüquqi əsaslarını dərindən araşdıraraq elmi cəhətdən əhəmiyyətli nəticələr ortaya qoyduğunu vurğulayıb. O bildirib ki, müəllif dövlətçilik konsepsiyasını tarix, hüquq normaları və siyasi qərarların qarşılıqlı təsiri çərçivəsində sistemli şəkildə təhlil edib.
Kitabın müəllifi, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev təqdimatda çıxış edərək nəşrin məzmunu barədə geniş məlumat verib. O, 33 fəsildən ibarət əsərin üç əsas istiqamətdə aparılan sistemli tədqiqatın nəticəsi olduğunu diqqətə çatdırıb. Müəllif bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətləri, çıxışları və müsahibələri hər bir istiqamət üzrə elmi şəkildə təhlil olunub. Kitabda həmçinin Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan münaqişəsinin həllinə dair irəli sürdükləri ideyalar və bu ideyaların reallaşması ilə bağlı faktlar geniş şəkildə əksini tapıb.
Təqdimatda çıxış edən “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov kitabın siyasi tarix, hüquq və beynəlxalq münasibətlər kontekstində sistemli bir yanaşma ortaya qoyduğunu, həm elmi, həm də praktiki baxımdan əhəmiyyətli vəsait olduğunu bildirib.
Tədbirin sonunda iştirakçılar kitab haqqında öz fikirlərini bölüşüblər.