A

UNEC-in Biznes və Menecment fakültəsində “İnsan alverinə qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirilib.

Tədbir insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumlarının fəaliyyətinin və gənclərin bu prosesdə rolunun geniş şəkildə işıqlandırılması məqsədi daşıyıb.

Tədbiri fakültənin dekan müavini, dosent Elbrus Əkbərov açaraq, insan alveri ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verib. O, bu istiqamətdə cəmiyyətin, xüsusilə gənclərin fəal mövqe nümayiş etdirərək dövlət qurumları ilə sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Fərid İsmayılov “İnsan alverinə qarşı mübarizədə gənclərin rolu” mövzusunda təqdimatla çıxış edib. O, gənclərin məlumatlılıq səviyyəsinin artırılması və təhlükəli situasiyalardan qorunması istiqamətində vacib tövsiyələr verib.

Tədbirin növbəti çıxışçısı Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Fatimə Abuşova olub. O, insan alverinin yaranma səbəbləri, risk faktorları, qurbanların psixoloji vəziyyəti və reabilitasiya mexanizmləri haqqında tələbələri məlumatlandırıb, həmçinin bu cinayət növünə qarşı mübarizə üsullarından danışıb.

Görüş tələbələrin fəal iştirakı ilə sual-cavab sessiyası şəklində davam edib və iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırılıb.

TOP XƏBƏRLƏR