A

"525-ci qəzet"

UNEC REKTORU, PROFESSOR ƏDALƏT MURADOV: "ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ ÖDƏNİŞLİ TƏHSİL ÜZRƏ QƏBUL PLANI LƏĞV EDİLSİN"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın müvafiq bəndində təsbit olunmuş ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini önə çəkərək, təkliflə çıxış edib. Ədalət Muradov bildirib: "Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu dövlət sifarişi və ödənişli əsaslarla həyata keçirilir. Dövlət sifarişli təhsil üzrə qəbul planı dövlət sektorunun tələbləri nəzərə alınmaqla, dövlət tərəfindən müəyyən edilir və tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Son illər Prezident İlham Əliyevin təhsilin əlçatanlığının artırılmasına yönəlmiş sosial siyasəti sayəsində dövlət sifarişli tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb və hazırda demək olar ki, 50 faiz təşkil edir. Ödənişli əsaslarla tələbə qəbulu planı da bu günə qədər dövlət tərəfindən təsdiqlənir. Amma 2013-cü ilin oktyabrında qəbul edilmiş "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 3.1.6.-cı bəndində göstərilir ki, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv edilməlidir. Başqa sözlə, ödənişli təhsil DİM tərəfindən təşkil edilən müsabiqə nəticələrinə əsasən tələbə ilə universitet arasında müqavilə əsasında həyata keçirilməlidir. Özəl sektorun nümayəndələrinin və fərdlərin ödənişli təhsili məhz onların sifarişi əsasında həyata keçirilməlidir. Onların hansı ixtisas üzrə təhsil almaq istəklərini onlar özləri hamıdan yaxşı bilir. İnanmaq istəyirəm ki, növbəti ildən etibarən, müvafiq Strategiyada göstərildiyi kimi, ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək. Eləcə də, ümid edirəm ki, universitetlərin baxılmaq üçün aidiyyəti üzrə təqdim etdiyi qəbul planı layihəsinin hökumət tərəfindən təsdiq üçün təqdim edilməsindən əvvəl yaxın keçmişdə mövcud olmuş universitetlərlə müzakirə ənənəsi də bərpa ediləcək".

Rektorun təklifinə münasibət bildirən təhsil eksperti Elşən Qafarov deyib ki, "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş hədəflərdən biri də ödənişli təhsilin aradan qaldırılması və dövlət sifarişi ilə əvəz edilməsidir. Bu prosesə artıq 2022-ci ildən başlanılıb: "2021-ci tədris ilində ölkədə hər 100 nəfərdən 79-u ödənişli əsaslarla təhsil alırdı. İndisə həmin proses 50 faizin altındadır və zamanla ödənişli təhsil dövlət sifarişi ilə olan təhsillə əvəz olunacaq. Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun bu təklifi bir konsepsiya xarakteri daşıyır. Bu təkliflə Ədalət Muradov əslində təhsilin inkişafı üzrə dövlət strategiyasının hədəflərindən birini açıqlayıb".

Elşən Qafarovun sözlərinə görə, UNEC rektoru Ədalət Muradov daima ali təhsillə bağlı vacib və önəmli məqamları nəzərə alaraq çox maraqlı təkliflə çıxış edir. Bu günlərdə rektor ali məktəblərdə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi ilə bağlı təkliflə çıxış edib: "Mən UNEC rektoru Ədalət Muradovun növbəti ildən etibarən müvafiq strategiyada göstərildiyi kimi, ödənişli təhsil üzrə qəbul planı ləğv edilməsi və özəl sektorun nümayəndələrinin, fərdlərin ödənişli təhsili məhz onların sifarişi əsasında həyata keçirilməsi təkliflərini dəstəkləyirəm. Hesab edirəm ki, Ədalət Muradovun təklifləri ölkə təhsilinə mütərəqqi yeniliklər gətirə biləcək təkliflərdir və dəstəklənməlidir. Ədalət Muradovun bu yöndə daha bir maraqlı təşəbbüsü də dövlət sifarişi ilə yerlərin tələbələrin topladığı bala görə differensiallaşdırılması ilə bağlı olub. Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması baradə təklif irəli sürmüşdü. Təkliflərin məğzi odur ki, Azərbaycanda yeni dövrün başladığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılması vacibdir".

Elşən Qafarov vurğulayıb ki, bu gün bir neçə universitetimiz var, onlardan biri də Azərbaycan Dövlət İqtisad Universitetidir ki, tələbələr orda dövlət sifarişli yerləri daha çox istəyirlər. Çalışırlar ki, həmin universitetləri seçsinlər. Bu gün UNEC-də dövlət sifarişli əsaslarla təhsil alanların sayı çoxdur. Belə olan halda, nəticə etibarilə universitetlərin büdcəsinə lazım olandan daha az miqdarda vəsait gedir. Bu da universitetlərin rəqabət qabiliyyətini azaldır. Bu baxımdan dövlət sifarişinin də tələbənin topladığı bala uyğun olaraq differensiallaşdırması şərti qoyulması doğru olardı. Dövlət sifarişi ilə bir ixtisasın ödənişinin - məsələn, 600+ bal toplayanla 300+ bal toplayanın ödənişi eyni olmasın. Yəni daha aşağı bal toplayan üçün daha artıq ödəniş ödənilsin. Yəni bu yöndə bir sistem yaradılmalıdır.

Ekspert hesab edir ki, yaxın bir neçə ildə ölkədə ödənişli təhsil tamamilə aradan qalxacaq: "Bu, təhsil alanların sosial müdafiəsi baxımından çox əhəmiyyətlidir. "Təhsil haqqında" qanunun 5-ci maddəsində göstərildiyi kimi, dövlətin öz sifarişi ilə təhsil alanları işlə təmin etmək öhdəliyi var. Düşünürəm, dövlət sifarişi ilə təhsil alanların da gələcəkdə dövlət tərəfindən müvafiq ixtisaslar üzrə işlə təmin olunması, qanunvericiliyin həyata keçirilməsi məsələsinə də baxılmalıdır".

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi məsələsi cəmiyyətin diqqətini çəkən mühüm təkliflərdən biridir: "Bu təklif təhsil sistemində bərabərliyi təmin etmək, sosial ədaləti artırmaq və hər kəsin təhsilə bərabər çıxışını təmin etmək məqsədi daşıyır".

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi məsələsilə bağlı uzun müddətdir ki, çağırışlar edilir. Əsas istək ondan ibarətdir ki, tələbələr dövlət sifarişi hesabına təhsil alsınlar. Təbii ki, dövlət tərəfindən müvafiq strategiya var və bu strategiyada da nəzərdə tutulub ki, konkret bir neçə müddət sonra dövlət sifarişli əsaslarla təhsil alan tələbələrin sayı artsın. Təsadüfi deyil ki, təkcə 2024-2025-ci tədris ilində ali təhsil müsəssisələrinə qəbul olan 58 mindən çox tələbənin təxminən yarıdan çoxu məhz dövlət sifarişi hesabına təhsil almaq hüququ qazanıb. Bura həm birbaşa dövlət sifarişi, eyni zamanda müvafiq sosial statusu olan şəxslər daxildir: "Biz müqayisə etsək, təxminən, 2012-2013-cü ilə qədər bizim ümumi qəbul plan yerimiz 30 minə qədər olurdu. Hal-hazırda 30 min tələbəni birbaşa dövlət sifarişinə qəbul edirik. Düşünürəm ki, qarşıdakı illər ərzində ümumi ali təhsil müəssisələri istiqamətində böyük ehtimalla, dövlət sifarişli yerlər daha da artacaq. Mənim təxminimə görə, 2028-2030-cu  ildə bəlkə də 55-60 minə yaxın tələbə birbaşa dövlət sifarişli yerlərə qəbul olmaq, yəni pulsuz təhsil alamaq hüququ qazanacaq. Hər bir ölkə vətəndaşı üçün təhsilə əlçatanlığın təmin olunması istiqamətində müvafiq addımlar atılır. Müvafiq dövlət qurumları da məhz Prezidentin sərəncam və tapşırıqlarından irəli gələrək müvafiq addımlar atır, lazımi tədbirlər həyata keçirirlər.  Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun  "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın müvafiq bəndində təsbit olunmuş ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi barədə təklifi müsbət dəyərləndirilməlidir. Bu təklif ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi vacibliyi vurğulanır. Yəqin ki, qarşıdakı dövr ərzində biz dənişli təhsil üzrə qəbul planı ləğv edilməsi ilə bağlı müvafiq qərarları görəcəyik. Amma hal hazırda təkcə ölkədə dövlət müəssisələri deyil, özəl ali təhsil universitetləri də fəaliyyət göstərir. Özəl müəssisələrdə belə dövlət büdcəsi hesabına təhsil alan tələbələr var. Əgər müvafiq qərar olarsa, özəl ali məktəblər də dövlət universitetləri kimi ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsinə öz töhfələrini verməlidirlər".

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay