A

moderator.az

"Azərbaycan xalqına o cür xəyanət etmiş insanlar, heç olmasa, indi xəcalət çəkməlidirlər"

Qoy bilsinlər, heç olmasa, özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar...

Dahi şəxsiyyətlərin nitqləri həmişə maraqla izlənilib. Dahilərin bioqrafiyalarını vərəqləyəndə mən həmişə onların təhsil və elmlə bağlı fikirlərini axtarıram. Bu dəfə çox maraqlı bir nitqlə tanış olmaq imkanı qazandım. Nitqin aktuallığını və böyük maraq kəsb edəcəyini nəzərə alıb, onun bir hissəsini oxucuların  diqqətinə çatdırmağı özümə borc bildim.  Bu nitq Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyevin söylədiyi  məşhur nitqdir. O, bu universitetin hansı zərurətdən yaranmasından tutmuş, böhran dövrünü, milli təhsil sistemimizdə bu universitetin yeri və rolu barədə danışıb:“Məsələn, əgər Bakı Dövlət Universitetini götürsək, bəli, universitet sistemi keçmişdə, çar Rusiyası vaxtında mövcud olmuşdur. O universiteti yaradarkən yeni bir şey icad olunmamışdı. Sadəcə, Azərbaycanın o vaxtkı imkanları çərçivəsində müəyyən fakültələr yaranmış, həmin fakültələrin də istiqamətləri artıq əvvəlki dövrlərdə müəyyənləşdirilmişdir. Yaxud Tibb Universitetini götürsək, heç bunu araşdırmağa ehtiyac yoxdur. Tibb qədim dövrdən tibbdir, insanların müalicəsidir və tibb ali məktəbləri keçmişdə çox əsrlər dünyanın müxtəlif ölkələrində, o cümlədən çar Rusiyasında mövcud olmuşdur. Demək, bu ənənə müəyyən qədər davam etdirilmişdir. Ancaq Azərbaycan İqtisad İnstitutu yaradılır. Hansı İqtisad İnstitutu? Bəlkə bizim iqtisadçılar da, tarixçilər də məsələnin bu cəhətinə heç o qədər də diqqət etməyiblər.Təsadüfi deyil ki, ilk dəfə Ticarət və Kooperasiya İnstitutu yaranıb, sonra İqtisad İnstitutu olubdur. Çünki Sovet hakimiyyəti vaxtında keçmiş iqtisadiyyatdan, keçmiş iqtisadi sistemdən, quruluşdan imtina edilmişdir. Ona görə də təhsilin, elmin yaranması, prosesi o vaxt, Sovet hakimiyyəti vaxtında yaranan iqtisadi sistemi əks etdirməli idi. Bu iqtisadi sistemin özü hələ tam yaranmamışdı və onu yaratmaq da asan deyildi. Yaradırdılar. Bütün bunlara görə də də hesab edirəm ki, bizim İqtisad İnstitutu bu baxımdan keçmişdə bir az başıbəlalı institut olubdur. Çünki onun kökü olmayıbdır.

Hansı iqtisad? Sonra, 1930-cu ildə ona gəlib çıxdılar ki, bunun əsasını siyasi iqtisad təşkil edir. Sosialist iqtisadiyyatının, ya məlum olan siyasi iqtisadiyyatın əsas kökləri də artıq hamıya məlumdur. Hesab edirəm ki, bu, institutun belə ardıcıl surətdə lazımi səviyyədə inkişaf edə bilməməsinin obyektiv səbəblərindən biridir”.Heydər Əliyev İqtisadiyyat elminin paradiqmalarının müəyyənləşmədiyi bir vaxtda iqtisadiyyat yönümlü ali məktəbin formalaşmasının qeyri-mümkünlüyünü  olduqca dəqiq təsvir edib. Bununla yanaşı o, bu ali məktəbin yaradılmasından sonra baş verən hadisələr haqqında maraqlı mülahizələr irəli sürüb:“Mənim yadımdadır, Dövlət Universiteti, başqa institutlarla tanış olurdum. Bəzi yerlərə tələbələrin çox axını var idi. Yaxud da deyirdilər ki, kim hara ərizə verə bilmirsə, daxil ola bilmirsə, gedin, ona ərizə verin. Bu, keçmişdir. Bizim dövrümüzdə də, yəni şəxsən mənim Azərbaycanda rəhbər olduğum dövrdə də biz çalışdıq ki, İqtisad İnstitutu başqa institutların səviyyəsinə gəlib çatsın. Mən etiraf etmək istəyirəm ki, biz buna nail ola bilmədik. Çünki burada bəlkə də öz ixtisasını bilməyən, müəllimlik vəzifəsindən öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən, yaxud başqa məqsədlər güdən ayrı-ayrı qüvvələr var idi, toqquşmalar, çəkişmələr, intriqalar var idi. Ancaq biz 1970-ci illərdən çalışdıq ki, bu institutu lazımi səviyyəyə qaldıraq və onu qaldıra da bildik. 1980-ci illərdə artıq bu institut yüksək səviyyəyə qalxmışdı. Ancaq sonra yenə həm institutun daxilində, həm də onun ətrafında bəzi mafioz qüvvələr öz şəxsi məqsədlərinə nail olmaq üçün intriqalar, çəkişmələr yaratdılar və Moskvaya dalbadal ərizələr, anonim məktublar, bir-birindən şikayətlər yazmağa, bir-birini günahlandırmağa başladılar - dəhşətli bir vəziyyət idi. Mən o illər Moskvada işləyirdim. Amma bu sədalar mənə gəlirdi. Bu işi öz şəxsi mənafeləri üçün edənlər anlamırdılar ki, artıq Azərbaycana qarşı Dağlıq Qarabağ probleminin meydana çıxarılması üçün cürbəcür hərəkətlər başlanan vaxt, Azərbaycana qarşı təzyiqlər göstərilən vaxt onlar bu əməlləri ilə öz ölkələrinə, respublikalarına, xalqına, millətinə zərər gətirir, onu ləkələyirdilər. Təbiidir ki, nöqsanlar var idi, yazılan ərizələrdə müəyyən həqiqətlər də var idi. Amma iftiralar, yalanlar da çox idi. Ancaq bizim xalqımız, millətimiz, alimlərimiz, elm adamlarımız bu məsələləri öz aralarında araşdırıb qərar qəbul edə bilməzdilərmi? Moskvaya kisələrlə anonim məktublar göndərirdilər. Əli Abbasov burada dedi. Ancaq o hadisə Azərbaycan üçün çox dəhşətli bir hadisə oldu. Bura hansısa komissiya gəlmişdi, yoxlamışdılar və iş o yerə çatmışdı ki, Azərbaycanın bu institutunun məsələsinə Moskvada ən yüksək səviyyədə baxılırdı.O vaxt Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdində Partiya Nəzarət Komitəsi var idi, bütün belə işlərə baxırdı. O, ancaq çox böyük dövlət və partiya əhəmiyyəti olan işlərə baxırdı. Bu məsələ gedib oraya çıxmışdı. Mən orada işləyərkən bu şeylərin bəzilərindən xəbərim olmamışdı. Yəni onlar bunu məndən gizlətmişdilər. Baxmayaraq ki, mən Siyasi Büronun üzvü kimi, yaxud SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin bütün ali təhsil sisteminə, orta təhsil sisteminə və peşə təhsili sisteminə rəhbərlik edirdim. Amma bunu məndən gizlətmişdilər.Günlərin birində bu məsələni Siyasi Büronun iclasına çıxardılar. Xırda bir məsələ, Siyasi Büroya yaraşmayan bir məsələ, - Mərkəzi Komitənin təlimatçısı buna baxa bilərdi. Bəli, təklif verildi ki, Azərbaycanda İqtisad İnstitutu bərbad vəziyyətdə olduğuna görə bağlansın. SSRİ-nin ali təhsil tarixində bu ilk hadisə idi ki, belə bir qərar qəbul olunmuşdu. Başa düzdünüzmü, bu, olubdur. 1987-ci il idi. Mən onda çox acıdım. Ancaq hər şey həll olunmuşdu. Bunu kim etdi? Bizim öz vətəndaşlarımız, azərbaycanlılar. Ermənilərin, başqalarının əlində oyuncaq olaraq bu işləri edənlər. Bu, Azərbaycanın ali təhsili üçün böyük ləkə oldu. Bu ləkəni də Azərbaycana yaxan burada həmin bu işlərlə məşğul olan insanlar oldular.Mən bayram günü bəlkə də bunu deməməliydim. Ancaq mən həqiqəti sevən adamam. Mənim əlimdə başqa bir fürsət olmayacaq ki, sizinlə bir də görüşüm, bunu deyim. Mən bunu deyirəm və güman edirəm ki, Azərbaycan xalqına o cür xəyanət etmiş insanlar, heç olmasa, indi xəcalət çəkməlidirlər. Onların bəziləri akademikdir, bəziləri professordur, bəziləri filandır, filandır. Qoy bilsinlər, heç olmasa, özləri öz vicdanları ilə söhbət edib öz günahlarının bizim xalqımıza nə qədər zərər vurduğunu anlasınlar və hamı da bundan nəticə çıxarsın.Biz gərək millətimizi qoruyaq, xalqımızı qoruyaq. İndi bu sözlər daha da aktualdır. Çünki indi biz müstəqil ölkəyik, müstəqil dövlətik. Millətimiz inkişaf edir. Mən bu salona baxıram. Mən o illərdə də belə salonlar görmüşəm. Amma burada kimi görürəm, hamısı azərbaycanlı, hamısı bizim millət. Mən bununla fəxr edirəm. Bizim, o cümlədən mənim də fəxr etməyə çox əsasımız var. Ancaq bu gün mən sizinlə görüşərkən, bu salona baxarkən, sizə baxarkən fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi bizim yetişən gənc milli kadrlarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlarımız var. Mən bununla fəxr edirəm. Bu, böyük nemətdir. Gəlin, bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq”.Heydər Əliyev son dərəcə maraqlı çıxışına bu sözlərlə yekun vurub:“İqtisadiyyat haqqında danışdıq. Sizin vəzifələriniz haqqında danışdıq. Siyasi iqtisadı beyninizdən çıxarın. Keçmişdə yazdığınız kitablarınızın hamısını kənara qoyun. Onlar lazım deyildir. Sonra, istirahət vaxtı hərdən açıb vərəqləyərsiniz ki, belə zəhmətlər çəkmisiniz. O vaxtlar bunlar lazım idi. İndi yeni-yeni əsərlər yazın və ən əsası, bizim gəncləri, gənc nəsli müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin.Rektor dedi ki, burada 14 min tələbə təhsil alır. Böyük rəqəmdir. Əgər keçmişdə tarix fakültəsi o biriləri daha hörmətli idilərsə, indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.Heydər Əliyev bu möhtəşəm nitqini 13 iyun 2002-ci ildə söyləyib. Onun arzularının həyata keçməsini təkcə bir faktla diqqətə çatdırmaq istəyirəm: 14 iyun 2016-cı ildə “QS Quacquarelli Symonds LTD” dünya üzrə ali təhsil müəssisələrinin reytinqini aparan təşkilat inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasını açıqlayıb. Reytinq regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.
Etiraf etmək lazımdır ki, İqtisad Universiteti bu uğurlara son dövrlər imza atıb. Zənnimcə universitetin bu cür inkişafında Heydər Əliyevin məşhur nitqindəki tezislərin əvəzsiz rolu olub. Bu nitq həm də onu göstərir ki, böyük dövlət xadimi Heydər Əliyev milli ali təhsil sistemimizin mövcudluğu ilə fəxr etməklə, hamımızı bu istiqamətdə məsuliyyətli olmağa çağırıb.

Etibar Əliyev, təhsil eksperti

 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay