“Məlum olduğu kimi, elmin populyarlaşdırılmasının və təbliğinin vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetində rektor, professor Ədalət Muradovun rəhbərliyi altında "Elmin populyarlaşdırılması" təşəbbüsü və "Elm gözəldir: məktəbdən elmə" adlı layihəyə start verilib. Mən UNEC-in irəli sürdüyü bu təşəbbüsü, həyata keçirdiyi layihəni alqışlayıram. Həm orta məktəblərdə, həm də universitetlərdə bu kimi layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir”.
Bu fikirləri “525”ə Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib.
Akademik bildirib ki, bu gün orta məktəblərdə şagirdlər çox zaman elmə yox, ixtisasa meyl edirlər. Onlar elmə ixtisas kimi baxırlar. Elmə şəxsiyyəti, intellekti formalaşdıran vasitə kimi baxılmalıdır. Orta məktəblərdə bu, təbliğ olunmalı, şagirdlərə bu aşılanmalıdır. UNEC bu vacib missiyanı öz üzərinə götürüb və layiqincə də bu işin öhdəsindən gəlir:
“Bildiyim qədərilə "Elm gözəldir: məktəbdən elmə” layihəsi çərçivəsində UNEC-in müəllimləri, ziyalılar ölkə üzrə məktəblərə və liseylərə səfər edərək, məktəblilərin intellektual potensialının, dünyagörüşünün inkişafına təkan vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini həyata keçirir, elmi təbliğ edirlər. Doğrudan da, bu gün üçün bu, çox vacib və əhəmiyyətlidir. Şagirdlər elmin əhəmiyyətini, elmin insanı bir şəxsiyyət kimi formalaşdırdığını hələ məktəbli ikən anlamalı və dərk etməlidirlər”.
Nizami Cəfərovun sözlərinə görə, ali məktəblərdə təhsil alan tələbələr ayrı-ayrı fənlər, ixtisaslar üzrə ixtisaslaşdıqları üçün elmin intellektual dəyəri, şəxsiyyətin mədəni səviyyəsinə təsiri barədə yetərincə məlumatlı olmurlar. Tələbələrin elmin fəlsəfəsini anlaması üçün onlar arasında da elmi biliklərin kütləvi təbliği vacibdir. Gənc nəslə elmə şəxsiyyəti və intellekti formalaşdıran bir vasitə kimi yanaşmalıdır:
“Azərbaycan Dövlət İqtisad Universitetinin gənc nəslin elmə marağını artırmaq üçün başlatdığı bu iş çox əhəmiyyətlidir. Əminəm ki, bu işin yaxşı nəticələri də olacaq”.