Bu il 95 illik yubileyini qeyd edən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yarandığı dövrdən yalnız iqtisadiyyat sahəsində ixtisaslı mütəxəssislər deyil, həm də cəmiyyətə, dövlətə və xalqımıza sədaqətli, intellektual, təşəbbüskar, vətənpərvər və sosial məsuliyyətli gənclər yetişdirib. Bu şərəfli tarixin əsas dayaqlarından biri də tələbələrlə işin düzgün təşkili və onların cəmiyyətə tam formalaşmış fərd kimi qazandırılması istiqamətində atılan uğurlu addımlar olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in prorektoru dosent Səadət Qəndilovanın “UNEC 95: Tələbəyönümlü ali təhsilin nümunəvi modeli” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
UNEC rəhbərliyinin daim diqqət mərkəzində saxladığı sahələrdən biri də tələbələrin təhsil prosesindən kənar fəaliyyətlərinin təşkilidir. Universitetdə gənclərin sosial-mədəni, elmi-intellektual, vətənpərvərlik və təşəbbüskarlıq potensialının üzə çıxarılması və inkişaf etdirilməsi məqsədilə davamlı olaraq geniş fəaliyyət həyata keçirilir. Hazırda UNEC-də tələbələrin öz təşəbbüsü və aktiv iştirakı ilə formalaşmış 16 tələbə təşkilatı fəaliyyət göstərir ki, onların hər biri universitet daxilində dinamik gənclər həyatının mərkəzinə çevrilib.
1930-cu il iyunun 19-da əsası qoyulmuş UNEC bu günə qədər 200 minə yaxın yüksəkixtisaslı iqtisadçı məzun verməklə ölkənin iqtisadi potensialına mühüm töhfələr qazandırıb. Lakin UNEC təkcə ixtisaslı kadrlar deyil, həm də dövlətə sadiq, ictimai fəal və təşəbbüskar gənclər yetişdirməklə də seçilir. Məhz bu yanaşma tələbələrlə iş sahəsində yenilikçi yanaşmaların tətbiqini və dinamik təşkilati mühiti zəruri edib.
UNEC tələbə təşkilatlarının fəaliyyət dairəsi olduqca genişdir. Universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı gənclərin sosial aktivliyinin artırılması, onların təşəbbüskarlığının dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkilində böyük rol oynayır. Bu təşkilat tərəfindən çoxsaylı maarifləndirici tədbirlər, təlimlər, intellektual yarışlar həyata keçirilir. ATGTİ-nin təşkil etdiyi “Respublika Gənclər Debat Forumu”nda tələbələrimiz ardıcıl olaraq I və II yerləri tutub, təşkilatın fəaliyyəti respublika miqyasında “İlin ən yaxşı tələbə təşkilatı” adına layiq görülüb.
UNEC-də tələbələrin sosial müdafiəsi, onların hüquqlarının qorunması və asudə vaxtlarının təşkili ilə yanaşı, aztəminatlı tələbələrə dəstək göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) uğurla fəaliyyət göstərir. Bu komitə tələbələr arasında sosial bərabərliyi təşviq edir, eyni zamanda, ictimai və elmi fəaliyyətdə fərqlənən tələbələri stimullaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir.
Tələbələrin elmi fəaliyyəti də UNEC üçün mühüm prioritetlərdəndir. Bu istiqamətdə Tələbə Elmi Cəmiyyəti (TEC) xüsusi fəallıq nümayiş etdirir. Tələbələr TEC xətti ilə respublika və beynəlxalq səviyyəli elmi konfrans və forumlarda iştirak edir, “Science Slam” kimi nüfuzlu layihələrdə UNEC adını ucaldırlar. Qeyd edək ki, UNEC bu yarışmanı təşkil etməklə “Science Slam” müsabiqəsini keçirən dünyada 6-cı ali təhsil müəssisəsi olub.
İctimai birliklər sahəsində də UNEC tələbələri fəaldır. Ədliyyə Nazirliyində qeydiyyata alınmış “İqtisadçı Tələbələrə Dəstək” İB və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İB tələbələrin sosial məsuliyyət hissini artırmaq, elmi tədqiqatlara marağını gücləndirmək və gənclərin vətənpərvərlik ruhunu inkişaf etdirmək istiqamətində fəaliyyət göstərir. “İTD” İB-nin təşəbbüsü ilə həyata keçirilən “Kitab at” layihəsi isə mütaliə mədəniyyətinin təbliği baxımından mühüm bir ictimai təşəbbüsə çevrilib.
Tələbə təşkilatları arasında innovasiya və texnologiya yönümlü sahələr də diqqətdən kənarda qalmayıb. UNEC İnnovativ Gənclər Təşkilatı tələbələrin yaradıcılıq potensialını stimullaşdırmaq, onları startap layihələrinə cəlb etmək və gələcəyin texnoloji liderləri kimi formalaşdırmaq məqsədilə fəaliyyət göstərir. Təşkilat gənclərin sahibkarlıq və dizayn bacarıqlarını inkişaf etdirmək üçün platforma rolu oynayır.
UNEC-də gənclərin inklüzivliyə, multikultural dəyərlərə və beynəlxalq əməkdaşlığa açıq düşüncə ilə yetişdirilməsi məqsədilə yaradılan təşkilatlar da fəaliyyət göstərir. “Cross-Cultural Club” əcnəbi tələbələrlə yerli tələbələr arasında sosial-iqtisadi inteqrasiyanı təşviq edir, “UNEC Diplomatiya Təşkilatı” tələbələrin beynəlxalq münasibətlər və diplomatik biliklər sahəsində inkişafına dəstək olur. İnklüziv Təhsilə Dəstək Təşkilatı isə həssas qruplardan olan tələbələr üçün əlçatan və bərabər təhsil imkanlarının təmin edilməsini əsas məqsəd kimi qarşıya qoyur.
Universitetdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması da xüsusi yer tutur. İqtisadçı Vətənpərvərlər Təşkilatı bu istiqamətdə mühüm addımlar atır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, qazilərlə görüşlər və vətənpərvərlik mövzusunda layihələr vasitəsilə gənclərdə milli şüurun dərinləşdirilməsinə çalışılır.
Ölkə rəhbərinin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə UNEC-də yaradılan “UNEC Könüllüləri” təşkilatı bu sahədə lider mövqedədir. Tələbələr ölkənin ən nüfuzlu beynəlxalq tədbirlərində fəal iştirak edərək, Azərbaycan gəncliyinin nümunəvi simasını formalaşdırırlar. Bununla yanaşı, “Rəqəmsal Könüllülər Təşkilatı” da təhsil və texnologiyanın qovşağında yer alaraq, müəllim və tələbələrin rəqəmsal bacarıqlarının inkişafında mühüm rol oynayır.
UNEC-in gənclər siyasətində tələbələrin qərarvermə prosesinə cəlb olunması da böyük önəm daşıyır. 2015-ci ildən həyata keçirilən “Tələbə-rektor” və Zaqatala filialında reallaşdırılan “Tələbə-prorektor” layihələri ali təhsildə tələbə özünüidarəsinin ən uğurlu nümunələrindəndir. Bu layihə vasitəsilə tələbələr universitetin idarəçilik sistemində aktiv iştirak edir, Elmi şuranın iclaslarında tələbə maraqlarını təmsil edirlər.
Mədəni sahədə UNEC Yaradıcılıq Mərkəzi tələbələrin bədii və estetik zövqünün inkişafı istiqamətində fəaliyyət göstərir. Rəsm, teatr, rəqs, vokal, instrumental ifa və bədii qiraət dərnəkləri, eləcə də “UNEC Tələbə Teatrı” və “Xalq Çalğı Alətləri” ansamblı bu mərkəz çərçivəsində tələbələrin asudə vaxtlarını daha mənalı keçirir.
Elmi fəaliyyətin təşviqi məqsədilə UNEC tarixində ilk dəfə olaraq nəşr edilən “Tələbə tədqiqatları jurnalı” tələbələrin elmi tədqiqat bacarıqlarının gücləndirilməsinə xidmət edir. UNEC-də tətbiq edilən Diferensial Əməkhaqqı Sistemi çərçivəsində tələbələr də beynəlxalq elmi bazalarda məqalə dərc etdirərək 4500 manata qədər qonorar qazana bilirlər. Bu isə tələbəyə verilən dəyərin və etimadın göstəricisidir.
UNEC-də fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzi isə tələbələrin psixoloji rifahına dəstək göstərir. Azərbaycanda universitet daxilində ilk dəfə yaradılan bu mərkəz könüllülük, məxfilik və ödənişsiz xidmət prinsipləri əsasında fəaliyyət göstərir və müxtəlif qrup təlimləri, fərdi seanslarla tələbələrin sosial və emosional rifahına töhfə verir.
Bütün bu fəaliyyətlərin mərkəzində isə Tələbə İşləri Mərkəzi dayanır. Tələbələrin müraciətlərinin operativ və şəffaf şəkildə cavablandırılması, sənədləşmə proseslərinin rəqəmsallaşdırılması, o cümlədən “Bir pəncərə” xidmətinin yaradılması universitetin idarəetmədə tətbiq etdiyi innovativ yanaşmanın bariz nümunəsidir.
Bu gün UNEC 95 illiyini layiqli şəkildə qeyd edən bir ali təhsil müəssisəsi olaraq, gənclər siyasətinə verdiyi töhfə, tələbə təşkilatlarının fəaliyyəti, innovativ təşəbbüsləri və sosial layihələri ilə ölkədə tələbəyönümlü ali təhsilin nümunəvi modelini təqdim edir. Gələcəyin yüksək ixtisaslı kadrlarını, liderlərini və ziyalılarını yetişdirən bu elm məbədi gənclik enerjisi və mütərəqqi fikirlərilə Azərbaycanı parlaq gələcəyə aparan yoldur.