A

525-ci qəzet

Bir dəfə yazıçı Azad Qaradərəlidən soruşmuşdum ki, niyə Azərbaycanda Nobel mükafatı almağa iddialı yazar yoxdur? 

Azad Qaradərəli bir xeyli səbəb göstərmişdi. Əsas səbəb də, əlbəttə ki, yazıçılarımızın ingilis dilində yaza bilməməsi idi. Sonra tərcümə üçün lazım olan pul, sonra tərcümənin nə dərəcədə keyfiyyətli olması, sonra Nobel Mükafatı Komitəsinə, türklər demişkən, ulaşmaq üçün nə qədər çətinliklər. O çətinliklərdən biri də Nobel Komitəsinə ölkədəki minimum əməkhaqqının 30 misli qədər pul köçürməyin zəruriliyi ilə bağlı idi. Qısası, yazıçı öz pessimist ovqatını istəmədən mənə ötürmüş, mən də söhbətə belə bir yekun vurmuşdum: “Nə qədər ki, bu problemlər var, Nobeli də Azad Qaradərəlilər yox, azad qaradərililər alacaq”. Hərçənd həmişə düşünmüşəm ki, Nobeli alanlar arasında mütləq bir azərbaycanlı olmalıdır. Çünki Nobel deyəndə yada həm də Azərbaycan nefti düşür. Sizi bilmirəm, mən ürəyimin ən dərin guşələrində Nobeli bir az da olsa azərbaycanlı sayıram. 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə Azərbaycanda Nobel İnformasiya Mərkəzi yaradılanda buna ən çox sevinənlərdən biri də mən olmuşdum. Xatırladım ki, bu mərkəz dünyada sayca beşinci mərkəzdir və yarandığı gündən bu yana qurum 11 nəfərin Nobel mükafatına təqdimatını verib. Onlardan ən uğurlusu BDU-nun bitki fiziologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi Nemət Qasımov olub ki, o, gizli səsvermədə amerikalı rəqibinə iki səslə uduzub. Deməli, cəmi iki səs bizi geri atmasaydı, bizim də dünyaca məşhur Nobel mükafatçımız olacaqdı. Aziz Sancar kimi.Şənbə günü axşam telefonuma tanımadığım nömrədən zəng gəldi. Götürdüm. Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Rasim müəllim idi. Məni şəhərimizin qonağı, Nobel mükafatçısı Aziz Sancarla bazar günü universitetdə keçiriləcək görüşə dəvət edirdi. Çox məmnun oldum və mütləq iştirak edəcəyimi dedim. Çünki söhbət türk dünyasının fəxri, sözün əsl mənasında Nəhəng İnsandan gedirdi. Qarşımda isə zəif cüssəli, zəif səsli, zəif gözlü bir ixtiyar vardı. Elə hey gülümsüyürdü. Sanki missiyası gülümsəmək, insanlara müsbət enerji ötürmək imiş. Halbuki, onun missiyası o qədər ciddi, o qədər mürəkkəb, o qədər bəşəridir ki!Aziz Sancar -ABŞ-ın Şimali Karolina Universitetinin professoru Nobel mükafatına qədər uzun bir yol gəlib. O, 1946-cı ildə Türkiyənin Mardin bölgəsində, Savur şəhərində kasıb bir ailədə doğulub. Ailədə 8 uşaqdan yeddincisi olan Aziz ilk litsey təhsilini Mardində alıb. Bu illərdə o, ciddi şəkildə futbolla maraqlanıb, amma sonradan topu buraxıb İstanbula gəlib. Başa düşüb ki, topun dalınca qaçmaqdansa elmin dalınca qaçmaq daha faydalıdır.1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olan Aziz Sancar 1969-cu ildə buranı uğurla bitirib. İki il doğulduğu Savurda həkim işləyib, sonra Amerikaya köçüb. Dallasda Texas Universitetində molekulyar biologiya üzrə elmi araşdırmalara başlayıb. O vaxtdan məşhurluğun, uğurun zirvəsinə addım-addım yaxınlaşıb. 1977-1982-ci illərdə Yale Universitetinin tibb fakültəsində DNK testi, xərçəngin müalicəsi və bioloji saat üzərində araşdırmalar aparıb. Bu xüsusda 415 məqalə və 33 kitab yazıb. 1997-ci ildən etibarən araşdırmalarını Şimali Karolina Universitetində davam etdirib. 2001-ci ildə Amerika Kimya Cəmiyyəti tərəfindən verilən Şimali Karolina Kimya Mükafatına ən layiq namizəd olub. 2005-ci ildən isə dünyanın ən prestijli elm ocağı olan Amerika Ulusal Bilimlər Akademiyasına seçilən ilk amerikalı türkdür. Ailə həyatı qurduğu əslən ingilis xanımla birlikdə açdığı Aziz Sancar və Gven Sancar Vəqfinin, onun bazasında yaradılan “Karolina Türk evi” adlı tələbə cəmiyyətinin missiyası da Amerikada oxuyan türk tələbələrə yardım etmək, Amerika-Türkiyə münasibətlərini yaxşılaşdırmaqdır. 2015-ci ildə isə o, DNK ilə bağlı elmi nailiyyətlərinə görə amerikalı Paul Modriç, isveçli Tomas Lindahl ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Mükafatı alanda Aziz Sancar belə demişdi: “Mən bu mükafatı Atatürkün və Türkiyə Cumhuriyyətinin qurduğu təhsil sayəsində qazandım. Dolayısıyla bu mükafatın sahibi Atatürk və Türkiyə Cümhuriyyətini təmsil edən Anıtqəbir Muzeyidir”. Aziz Sancarın Nobel mükafatının qızıl medalı və diplomu bu gün də Anıtqəbirdə “Atatürk və Qurtuluş Savaşı Muzeyi”ndə sərgilənir.

Aziz Sancardan düz 9 il qabaq - 2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan Orxan Pamuku xatırlayıram. Rəşad Məcid elə bil ürəyimi oxuyur. Möhtərəm qonağa Pamukla bağlı sual verir. Orxan Pamukla münasibətləriniz varmı? Nobel alanda sizi təbrik etdimi? və s. Cavab çox maraqlıdır, hətta Orxan Pamukun əsərlərinə mövzu olacaq qədər maraqlı.- Təəssüf ki, yox. O məni təbrik etmədi. Orxan Pamuk bizim şəhərə gəlib kitabına imza günü keçirirdi. Orda uzun bir növbə vardı, mən də o növbəyə dayandım. Məni gördü və “Mərhaba, hocam”- dedi. Əlini sıxdım, onu təbrik etdim, o da nəzakət göstərib “Mən də, hocam, sizi təbrik edirəm” dedi. Orxan Pamuk Türkiyəyə qürur gətirən bir yazıçıdır. Amma “erməni soyqırımı” deməklə çox böyük səhv elədiyini də vurğulamalıyam.Siyasət bizim işimiz deyil. Üstəgəl, qarşımızda dünya elminin nəhəngi əyləşibsə yaxşı olar ki, elmdən danışaq. Dərhal ədəbiyyat, siyasət söhbətləri elmi müstəviyə keçir. Bu dəfə daha bir elm nəhəngini xatırlayır dostlarım. Qeyri -səlis məntiq nəzəriyyəsinin banisi, azərbaycanlı alim Lütfü Zadəni. Cavab çox möhtəşəmdir. “Lütfü Zadə Nobeldən böyükdür. Mən onun kitablarını 20 il əvvəl oxuyanda “Bu, harika bir şey “ demişdim. O cümlədən, Yaşar Kamala da Nobel vermədilər. Amma Yaşar Kamal həmişə oxunacaq. Şəxsən mənim öz adım 1982-ci ildən biokimya sahəsində dərsliklərdə çəkilir. Nobelə layiq görülməyim sadəcə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı. Yəni, bir alimin Nobelə layiq görülməməsi heç də elmə verdiyi töhfələri azaltmır. Lütfi Zadənin də Nobelə ehtiyacı yoxdur.Bizim isə belə maraqlı söhbətlərə həmişə ehtiyacımız var. Bu söhbətə bir az da maraq qatan İqtisad Universitetinin rektoru Ədalət Muradov oldu. Açığını deyəcəm, ali məktəb rektorlarını adətən başqa yöndən tanımışam. Ədalı, təkəbbürlü, özü ilə tələbələr arasında sərhəd xətləri çəkən, müəllimdən çox məmura oxşayan biri kimi. Ədalət müəllim isə bu sərhədləri darmadağın etdi. Əlbəttə, Aziz Sancar kimi təvazökar bir insanın qarşısında başqa cür rəftar sərgiləmək də mümkün deyildi, amma inanın bunu etmək istəyən edir. Ədalət Muradova sayğım ikiqat artdı. O, məndə əsl müəllim təəssüratı yaratdı. Aziz Sancarın oxşamaq istədiyi müəllim təəssüratı. Bəli, bu böyük insan bütün uğurlarına görə müəllimlərinə borcludur və deyir ki, dünyaya ikinci dəfə gələrdisə, mütləq müəllim olardı. “Müəllimlik həqiqətən müqəddəs peşədir. Onlar millətin gələcəyini müəyyən edirlər”.Azərbaycanda da onun xüsusilə görüşdüyü adamlar müəllimlər, elm adamları olub. Bakı Dövlət Universitetində nanotexnologiyalarla bağlı görülən səmərəli işləri bəyənib. Amma Azərbaycanın Nobel mükafatı ilə bağlı perspektivi haqda konkret heç nə deyə bilmədi. Dedi ki, o çox az bir müddətə burdadır və görüşdüyü adamlar, xüsusilə iqdisadçılar olub. Ona görə bu haqda heç nə deyə bilməz. İstədim ki, bizim əziz qonağa Azərbaycanın hələ 20-ci əsrin əvvəllərində Nobelə çox yaxın olduğunu söyləyim. Deyim ki, Sona xanım Vəlixan -Azərbaycanın ilk qadın tibb elmləri doktoru, hələ 1931-ci ildə yazdığı endoftalmitin pataloji anatomiyası adlı məqaləsi ilə Nobel Komitəsinin diqqətini özünə cəlb edib, sadəcə Birinci Dünya müharibəsinin başlaması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Azərbaycan Nobel İnformasiya Mərkəzi Sona xanım Vəlixanın təqdimatını Stokholmdan - Nobel Komitəsinin arxivindən tapıb. Əlbəttə, desəydim, bu informasiya Azərbaycana olduqca böyük dəyər verən Aziz Sancarı çox sevindirərdi.Aziz Sancar həm də yaddaşımda qadına böyük dəyər verən şəxsiyyət kimi qaldı. “Ədalət bəy mənə deyir ki, sən elə hey arvadından danışırsan. Ailə mənim üçün çox önəmlidir. Baxmayaraq ki, həyat yoldaşım amerikalıdır, o, Türkiyəni çox türkdən çox sevir” dedi. Mən də bu insanı sevdim, vallah! Adam təvazökarlığın, türklər demiş, ta kəndisi! Qadını başının tacı edən kişi hər mükafata layiqdir.

Var olun Aziz Sancar. Həmişə Əziz qonağımızsız!

Ləman ƏLİƏŞRƏFQIZI 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay