A

"Respublika" qəzeti

XX-XXI əsrdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında öz tarixi izini buraxmış, təhsilimizin və elmimizin inkişafına layiqli töhfələrini vermiş elm adamları, alimlər çox olmuşdur. Onların arasında böyük ziyalı, elmin zirvələrinə özünün gərgin əməyi, xüsusi istedadı ilə ucalan Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar Elm Xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor Arif Şəkərəli oğlu Şəkərəliyevin xüsusi yeri vardır.

Gənc yaşlarından öz taleyini, gələcəyin iqtisad elmi və onun tədrisi ilə bağlamış Arif müəllim ömrü boyu bu elm sahəsində ciddi araşdırmalar aparır, seçdiyi peşədə sədaqəti ilə fərqlənir.

O, 1949-cu ildə İrəvanın Qafan rayonunda ziyalı ailəsində anadan olmuş, 1954-cü ildə orta məktəbin I sinfinə daxil olub, 1963-cü ilə qədər həmin məktəbdə oxumuşdur. Sonra təhsilini Bakı şəhərində Bakı Plan Uçot texnikumunda davam etdirmiş və 1966-cı ildə oranı, 1970-ci ildə isə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu (“Sənayenin iqtisadiyyatı” fakültəsini) fərqlənmə diplomu ilə bitirmişdir. 1971-1972-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və baş leytenant rütbəsi ilə təxris olunmuşdur. Bakı Dövlət Universitetinin aspirantı olaraq 1976-cı ilin fevral ayında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1980-cı ilin oktyabr ayında müsabiqədən keçərək dosent vəzifəsinə layiq görülmüşdür. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda “İdman” fakültəsinin dekan müavini, həm də SovİKP tarixi və siyasi iqtisad kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Siyasi iqtisad kafedrasında dosent vəzifəsində çalışmışdır. Hazırda İqtisad Universitetində işləyir. 1987-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda hazırlıq fakültəsinin dekanı vəzifəsində, 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmi İşlər üzrə prorektor vəzifəsində çalışmışdır. Müstəqil Azərbaycanın qurulmasında fəal iştirakına, Elm və təhsilin inkişafındakı xidmətlərinə görə 2002-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə ona “Əməkdar Elm Xadimi” adı verilmişdir. 1992-ci ildən professor vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının, 2004-cü ildən isə Beynəlxalq Menecment Akademiyasının üzvüdür. Universitetdə ixtisaslaşmış Elmi Şuranın üzvü, müxtəlif vaxtlarda sədri və sədr müavini olmuşdur. Onun rəhbərliyi altında 50-dən artıq elmlər namizədi və elmlər doktoru dissertasiya işlərini müdafiə etmiş, 60-dan çox şəxsə rəsmi opponent olmuşdur. Professor Arif Şəkərəliyev tərəfindən 60-dan artıq dərslik, dərs vəsaiti, monoqrafiya, proqram, 270-dən çox elmi məqalə, 600-dən çox qəzet məqaləsi yazılıb çap edilmişdir. 2001-ci ildən hazırkı dövrə qədər Ticarət və gömrük işinin təşkili kafedrasının müdiridir.

Arif Şəkərəliyevin böyük və qiymətli elmi irsindən gənc alimlər, magistrlər, tələbələr zaman-zaman faydalanırlar. Onun yazdığı dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, elmi-publisistik məqalələri, tərcümələri hər zaman aktual olmuş, cəmiyyətin inkişafı ilə, zamanla səslənmişdir. Elə buna görə də Arif müəllimin elmi, pedoqoji və ictimai fəaliyyəti xalq arasında ona çox böyük hörmət qazandırmışdır. O, əsl elm fədaisidir. A.Şəkərəliyev Sovet dövründə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində doktorantura keçərək doktorluq dissertasiyasını yerinə yetirmiş 1991-ci ilin oktyabr ayında Leninqrad Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsini alıb.

Professor hər zaman öz nüfuzunu, böyüklüyünü qoruyub saxlayan şəxsiyyətdir. O, yetirmələrinə təkcə bilik verməklə kifayətlənmir, həm də onları öz yaşayışlarını yeni tərzdə qurmağa, müasirləşməyə səsləyir. Yetirmələrinə öz övladı kimi baxır, onlara həmişə maddi və mənəvi dayaq durur. Arif müəllimin zəngin elmi yaradıcılığı var. Onun iqtisad elmi sahəsində öz məktəbi formalaşmışdır. Alim həyatını Azərbaycan elminin, təhsilinin inkişafına həsr edib. Arif müəllim tədris etdiyi fənni mükəmməl bilən, hərəkətləri intellektinə uyğun gələn, humanist, tələbələrlə, doktorantlarla öz övladı kimi rəftar edən, hər kəsə qarşı xeyirxah olan böyük bir insandır. Hindistanın məşhur dövlət və ictimai xadimi İndira Qandi yazırdı: “Ən böyük zərurət - insanları sevməkdir”. Professor Arif Şəkərəliyev həmişə öz xalqını sevən, onun gələcəyi haqqında daim düşünən bir ziyalıdır.

Şəxsiyyət kimi əsas keyfiyyəti: sadəlik, düz danışmaq və əxlaqi saflıq

Professor A.Şəkərəliyev “Ümummilli lider Heydər Əliyev: amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan ulu öndər” (2007), “Xidmət sahəsi: sosial-iqtisadi problemlər” (1990), “Bazarın mahiyyəti və quruluşu” (1992), “Bazar iqtisadiyyatı şəraitində xidmət sahələrinin inkişafı” (1993), “Beynəlxalq valyuta sistemi və valyuta məzənnəsi” (1993), “Dünya təsərrüfatının formalaşması və beynəlxalq bazarın təşəkkülü” (1994), “İqtisadi nəzəriyyə” (1995), (2000), “Azərbaycan iqtisadiyyatı” (1996), “Biznesin əsasları” (1996), “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər” (1999), “İqtisadi təlimlər tarixi” (2001), “Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti” (2001), “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri” (2003), “Gömrük ekspertizası” (2003), “Gömrük işinin təşkili və idarə edilməsi” (2003), “Nobel mükafatı almış iqtisadçılar və onların nəzəriyyələri” (2004), “Daşınmaz əmlakın iqtisadiyyatı” (2004), “Sahibkarlıq fəaliyyətinin təşkili” (2006), “Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi” (2006), “Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər” (2009), “Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Dövlətin iqtisadi siyasəti: Dayanıqlı və davamlı inkişafın təntənəsi” (2011), “Gömrük işinin təşkili və idarə edilməsi” (2015), “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətində gömrük işinin rolu” (2016), “Azərbaycan iqtisadiyyatı: reallıqlar və perspektivlər” (2016), “Gömrük işinin təşkili və idarə edilməsi” (2018) kitablarının müəllifidir.

Qeyd etmək lazımdır ki, professor Arif Şəkərəliyevin tədqiqatlarında ümummilli lider Heydər Əliyevin nəzəri irsinin tədqiqi xüsusi yer tutur. Son dövrdə Arif Şəkərəliyev tədqiqatlarında bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdrilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun problemləri geniş tədqiqini tapıb.

Professor bir çox ölkələrdə Azərbaycan elmini layiqincə təmsil etmiş, respublika və beynəlxalq elmi-praktiki konfranslarda maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Arif Şəkərəliyev daim mətbuatda, televiziyada Heydər Əliyevin nəzəri irsi və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təbliğatçısıdır.
Arif müəllim həm də gənc nəslin himayəçisi kimi tanınır. Böyük pedaqoq və tanınmış elm xadimi gənclərə yol göstərir, onları düzgün istiqamətləndirir.

Arif Şəkərəliyev ölkəmizdə həyata keçirilən demokratik dövlət quruculuğu prosesində fəal iştirak edən, əsl ziyalı və vətəndaş məsuliyyəti ilə bu proseslərə öz münasibətini bildirən və elmi araşdırmaları ilə ölkəmizə sanballı töhfələr verən ziyalıdır. Onun elmi tədqiqatları bir çox proqramların hazırlanmasında, sosial-iqtisadi sahələrin islahatında və uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamışdır.

Arif müəllim sadə, təvazökar təbiətli bir insandır. Onun şəxsiyyəti haqqında xeyli maraqlı faktlar vardır. Alim xeyirxahlığı, prinsipiallığı və mərhəmətliyi özündə birləşdirən nurlu bir simadır, sözün əsl mənasında bir çox insanlar üçün ümid yeridir. Nəsirəddin Tusinin belə fikri var: “Başqasına etdiyi yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir Arif müəllimə daha çox aiddir. Onun insanlara səmimi, xeyirxah və qayğıkeş münasibəti bizim üçün əbədi bir örnəkdir.

Professor Arif Şəkərəliyev həm də gözəl ailə başçısıdır. Onun ömür-gün yoldaşı Nərgiz xanım da əsl ziyalı, gözəl pedaqoqdur, yüksək insani keyfiyyətləri özündə cəmləşdirən, Azərbaycan qadınlarının ən parlaq simalarından biridir. Nümunəvi ailə başçısı, qayğıkeş və tələbkar ata olan Arif müəllim və Nərgiz xanım (3 nəfər) istedadlı alim və hüquqşünas — DİN-nin zabiti kimi övlad böyüdüblər.

Professor Arif Şəkərəliyev bu günlərdə fiziki ömründə 70 illik zirvə məqamına qədəm qoyur. Bu görkəmli alimi elmi ictimaiyyət və öz adımdan təbrik edir, pedaqoji və ictimai fəaliyyətində yeni, daha parlaq zirvələrə fəth etməyi, uzun ömür və cansağlığı arzu edirəm.

Əli HƏSƏNOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
professor, Universitet Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay