Çağdaş Azərbaycan təhsilinin inkişaf mexanizmi əsasən bir nümunə - UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) faktoru üzərində göstərilir.
UNEC-də son 6 ildə edilən dəyişiklər Azərbaycan ali təhsil sistemi üçün inqilabi xarakter daşıyır.
Universitetin əsas uğurları, ümumiyyətlə qayəsinin dəyişməsi və UNEC brendinin yaranması, sonradan isə inkişaf etməsi professor Ədalət Muradovun adı ilə bağlıdır.
Universitetin inkişaf proqramının istiqamətləri rektor, professor Ədalət Muradovun rəhbərliyi ilə hazırlanmış “UNEC-100” inkişaf strategiyasında özünün geniş əksini tapıb. Bu strategiyada universitetin fəaliyyət istiqamətləri, resurslar, missiya, gələcəyə baxış və əsas dəyərlər, maliyyələşdirmə, monitorinq qiymətləndirmə məsələləri xüsusi yer tutur.
“UNEC-100” inkişaf strategiyasında əksini tapan müddəalar son altı ildə ardıcıl və sistemli şəkildə uğurla həyata keçirilməkdədir. Ölkəmizdə ilk dəfə elektron universitet modelinə keçid, tədris prosesinin tamamilə elektronlaşdırlıması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi, “DocNet” sisteminin və bu kimi layihələrin tətbiqi təhsil ocağına böyük şöhrət və nüfuz qazandırmışdır. UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, 104 tələbəyə xidmət edən zəngin fonda malik, müasir resurslarla təchiz edilmiş elektron kitabxananın fəaliyyəti də diqqətəlayiqdir.
Lakin təəssüf ki, Azərbaycan ali təhsil (eləcə də ümumi təhsil sistemi) adına görülən bu qədər mükəmməl işlərə xələl gətirəcək yazılar, sosial şəbəkə şayiələri bitmək bilmir. Dəyişməyən isə bir gerçəklik var: Hazırda UNEC əleyhinə qeyri-obyektiv şəkildə nəsə yazmaq, təkcə bir universitetin deyil, ümumən Azərbaycan təhsilinin çağdaş inkişaf mexanizminə qarşı çıxmaqdır:
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında UNEC-in uğurlu inkişafı ilə digər universitetlərədən seçildiyini bildirib:
“Son illər ölkəmizdə təhsil sahəsində mühüm islahatlar həyata keçirilir. Ali təhsil müəssisələrinə yeni rektorlar təyin edilir, universitetlərin özlərində müəyyən islahatlar aparılır. Ümumilikdə bu ali təhsil müəssisələri arasında bir sıra universitetlərin ciddi inkişaf mərhələsinə qədəm qoyduğunu müşahidə edirik. Bu universitetlər arasından UNEC fəaliyyəti və inkişafı ilə xüsusi ilə seçilir. UNEC həm distant təhsil, həm təhsil keyfiyyəti, həm də müəllimlərin qiymətləndirilməsi istiqamətində kifayət qədər uğurlara nail olub”.
Deputat, ali təhsil müəssisəsinin gələcək fəaliyyətinin inkişaf məqsədlərinə diqqət çəkib:
“Belə desək, UNEC-in inkişafı ümumilikdə Azərbaycan təhsilinin inkişafına ciddi təsirini göstərir və öz töhfəsini verir. Hesab edirəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti öz fəaliyyəti ilə kifayət qədər uğurlara imza atıb. Eyni zamanda düşünürəm ki, ali təhsil müəssisəsi olaraq daha böyük uğurlara imza atılması istiqamətində səylər davam etdirilməlidir. Bu inkişafın özünü xüsusi ilə də dünya universitetlərin reytinq sıralamasında göstərməsi arzuolunandır. İnanırıq ki, UNEC uğurlu fəaliyyəti və inkişaf mexanizmi ilə bu məqsədə nail olacaq və daha böyük uğurlara imza atacaq”.
UNEC-də fəaliyyət göstərən 31 Tədqiqat Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaradıb.
Universitetdə fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzi, UNEC Biznes Məktəbinin İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzi, Rəqəmsal İqtisadiyyat Mərkəzi və digər mərkəzlər müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşması, fundamental elmi-tədqiqatların aparılması yüksək ixtisaslı iqtisadçılar tərəfindən öyrənilir və tədqiq edilir.
UNEC-də həyata keçirilən elmi-tədqiqat işləri, dünyanın nüfuzlu elmi jurnallarında, o cümlədən, “Web of Science” və “Scopus” da dərc olunan məqalələrin sayı, həmin tədqiqatlara edilən istinadlar əhəmiyyətli dərəcədə artmışdır. Nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin sayı baxımından da UNEC Azərbaycanda liderdir. Reytinqə görə “Google Scholar” platformasında UNEC alimlərinin iqtisadiyyatın müxtəlif elmi istiqamət və problemləri üzrə əldə etdikləri mühüm nəticələrin 3893-nə istinad edildiyi və bu istiqamətdə bir sıra Avropa universitetlərini qabaqladığı qeyd edilmişdir. Nüfuzlu beynəlxalq nəşriyyatlarda UNEC alimlərinin çap etdirdiyi monoqrafiyaların, kitabların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi də fərəhli haldır.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi Şahlar Əsgərov UNEC-in fəaliyyətini yüksək dəyərləndirdiyini bildirib:
“UNEC elə bir universitetdir ki, onun keçmişi bizə məlumdur. Bu təhsil ocağı ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində öz sözünü demiş, təhsil sistemi ilə Azərbaycan təhsilinə nümunə olan bir universitetdir. UNEC ona qarşı irəli sürülən bütün qarayaxmaların qarşısını öz uğurlu və şəffaf fəaliyyəti ilə alıb. Bu universitet müasir idarəetmə sisteminə sahibdir. O Azərbaycan təhsilində gələcək universiteti modelini hazırlayır. Belə desək, XXI əsrin universitetini qurur. Fəaliyyətini hər istiqamətdən dəyərləndirərək UNEC-in fəaliyyətini yüksək dəyərləndirirəm”.
Sədr ali təhsil ocağının uğurlu inkişafına diqqət çəkərək, cəmiyyəti qarayaxmalara inanmamağa çağırıb:
“Bu universitet daima inkişafa can atır, yeniliklər yaradır. Hələ pandemiyadan əvvəl distant təhsil anlayışı ölkəmizə yad olduğu müddətdə bu universitet artıq distant təhsillə məşğul olurdu. Bu səbəblə onu zamanı qabaqlayan bir universitet modeli olaraq qiymətləndirmək olar. İstənilən sahədə uğurlu fəaliyyətlərə, yenilikçilərə qarayaxmalar qaçınılmazıdır, bunlar həmişə var və olacaq. Bunları nəzərə alaraq cəmiyyət obiyektiv olaraq dəyərləndirmə aparmalı və bu cür mənfi niyyətli qarayaxmalara dəstək verməməlidirlər”.