A

azedu.az

Azərbaycan universitetlərinin məzunları arasında fərqlənənlərdən biri də Nihad Paşazadədir.

Nihad, 2018-ci 671 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olub. Bu il UNEC-i ən yüksək ortalama (99,58) ilə bitirən məzundur.

İstedadlı gəncimiz AzEdu.az-a açıqlamasında ali təhsili ilə bağlı seçiminin özünəməxsus səbəbi olduğunu bildirib:

“Elə əsas məqsədim universitetin Beynəlxalq İqtisadiyya Məktəbində, Maliyyə ixtisasına qəbul idi. Bu ixtisasla bağlı çox sayda araşdırmalar edir, məlumat öyrənməyə çalışırdım. Maliyyəçi ailəsində doğulduğum üçün bu sahəyə xüsusi marağım var”.

O, tələbələrin illərindəki fəaliyyətindən danışarkən, çətinliklər yaşadığını, amma istədiyi nəticəni əldə etməyi bacardığını qeyd edib:

“Əslində, universitet dövrü mənim üçün kifayət qədər əziyyətli keçmişdi. Amma bilirdim ki, bütün əziyyətlərimin sonunda istədiyim nəticəyə doğru addımlayıram. Buna görə də məni qarşıda gözləyən hər şeyə öncədən hazırlaşmışdım. Əsasən maliyyə və maliyyə yönümlü, biznes dərslərinə xüsusi marağım var idi. Elə buna görə də hazırda audit sahəsi üzrə çalışıram. Tədris müddətində öyrəndiyim fənlərin iş həyatımda çox böyük rolu oldu. Təhsilim müddətində müxtəlif yarışmalarda iştirak edirdim. Onlardan biri də “Rabitəbank”ın esse yarışması idi. Banklarımızda müasir texnologiyaların rolu adı altında keçirilən müsabiqənin qalibi oldum, nəticədə həmin bankda 3 aylıq təcrübə keçdim. Hazırda da dünyanın 4 ən böyük audit şirkətindən olan “KPMG Azerbaijan”da çalışıram”.

 Nihad, ali təhsilini ölkəmizdə davam etdirmək istədiyini nəzərə çatdırıb:

“Ali təhsilimi ölkəmizdə, elə UNEC-də davam etdirməyi düşünürəm. Yaxın 3-5 il ərzində xaricdə təhsillə bağlı bir planım yoxdur. Amma daha sonra özümü inkişaf etdirmək üçün belə bir planım ola bilər”.

“Gələcəkdə öz doğma universitetimdə dərs demək mənim üçün böyük şərəf olar”

“Maliyyə hazırda innovativ sahələr arasında öndələn sahələrdəndir. Gələcəkdə bu sahənin daha çox texnoloji hissəsini öyrənmək istəyərəm. İlkin biliklərimizi pedaqoqlardan əldə edirik. Mən də öz bildiklərimi digər təhsilalanlarla bölüşmək, keçdiyim yollarda addımlayanlara dəstək olmaq istəyərəm. İrəlidə doktorantura səviyyəsini də qazansam, öz fəaliyyətimizi universitetimdə davam etdirməyi arzu edirəm.”.

O, təhsilini uğurla başa vurmaq istəyən tələbələrlə öz tövsiyələrini bölüşüb:

“Digər tələbələrə həvəslə çalışmağı, heç nədən çəkinməməyi, əldə etdikləri bilikləri daim təkmilləşdirməyi, müəllimlərin öyrətdiyi bilikləri daim yeniləməyi tövsiyə edirəm. Təbii ki, çətin və əziyyətli günlər olacaq. Amma bunların hər birinin öhdəsindən gəldikdən sonra bəhrəsini görəcəklər”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay