UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və onun nəzdində fəaliyyət göstərən Tarix klubunun birgə təşkilatçılığı ilə 9 may -Faşizm üzərində qələbənin 78 illiyi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatında, II Dünya müharibəsi veteranı Fatma Səttarova və ehtiyatda olan polkovnik Cəlil Xəlilov ilə görüş keçirilib.
Görüşdə Ümumi fənnlərin tədrisinin təşkilli departamentinin baş müəllimi Cəmilə Həsənova, Tələbə rektor Cabbar Cəlilov, UNEC-in THİK Tarix Klubunun sədri Ziyad Ağayev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin universitetimizdə fəaliyyət göstərən Yeni klub sədri Tərlan Kərimov, THİK-in fəal tələbələri iştirak ediblər.
Tədbirin açılış çıxışını edən Cəmilə Həsənova II Dünya müharibəsinin tarixi və Azərbaycanın rolu haqqında tələbələrə məlumat verib.
Daha sonra Fatma Səttarova tələbələrə öz həyat fəaliyyətini və müharibə zamanı gördüyü işləri danışaraq, ölkə rəhbərliyinin respublika veteranlarına göstərdiyi diqqəti xüsusi vurğulayıb. Azərbaycan Respublikası Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatının sədr müavini ehtiyatda olan polkovniki Cəlil Xəlilov Azərbaycanda veteran hərəkatı barədə danışıb.
Sonda isə Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Rektoru Cabbar Cəlilov çıxış edərək universitet rəhbərliyinin salamlarını çatdıraraq, Əmək Müharibə və Silahlı Qüvvələri Veteranları təşkilatı rəhbərliyinə tələbələr adından təşəkkürü bildirib.
Tədbirin sonunda vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndirilib.