BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə rəhbəri Nasar Hayat, Tərəfdaşlıq proqramının rəhbəri Aynur Seyid Yusif və Milli Layihə koordinatoru Emin Məmmədli UNEC-də olublar.
UNEC-in rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri və müştərək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı UNEC-in qida sahəsi üzrə mütəxəssis hazırlığındakı rolu xüsusi vurğulanıb. Bildirilib ki, hazırda universitetdə qida təhlükəsizliyi üzrə ən müasir standartlara cavab verən ixtisaslaşmış tədris laboratoriyaları fəaliyyət göstərir. Eyni zamanda, Türkiyənin nüfuzlu Ege Universiteti ilə qida mühəndisliyi ixtisası üzrə uğurla reallaşdırılan ikili diplom proqramı bu sahədə kadr hazırlığının beynəlxalq səviyyəyə çatdırılmasına xidmət edir.
Tərəflər aqrar sektorda Süni İntellektin tətbiqinə dair birgə təlim proqramlarının keçirilməsi, FAO ekspertlərinin UNEC tələbələrinə təlimlər verməsi, birgə nəşrlərin hazırlanması, UNEC-in Zaqatala filialında tələbələr üçün Yay məktəbinin təşkili məsələlərini müzakirə ediblər. Sonda əməkdaşlığa dair Memorandumun layihəsinin hazırlanmasına dair razılıq əldə olunub.