Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin “Maşın mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri mentorlar Rəhimova Könül və Əlirzayeva Ləmanın rəhbərliyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur həyata keçiriblər.
İnfoturun məqsədi tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri istehsalat mühiti ilə əlaqələndirmək, onların peşəkar bacarıqlarının formalaşmasına və praktiki təcrübələrinin artırılmasına dəstək olmaq olub.
Xüsusilə “Emal üsulları və alətlər” fənninin tədrisi zamanı öyrəndikləri bilikləri real istehsalat şəraitində müşahidə etmək tələbələr üçün faydalı təcrübə olub.
Səfər çərçivəsində tələbələr mərkəzin istehsalat sahələri ilə yaxından tanış olub, burada tətbiq olunan müasir texnologiyalar, emal avadanlıqları və istehsal proseslərinin təşkili haqqında ətraflı məlumat əldə ediblər.
Həmçinin emal proseslərinin ardıcıllığı, istifadə olunan avadanlıqların funksiyaları və təhlükəsizlik qaydaları barədə də məlumat alıblar.
Sonda mütəxəsisslər tələbələri maraqlandıran sualları cavablandırıb.