Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan xüsusi dərs keçirilib.
Tədbirdən öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsi giriş sözü ilə fakültənin dekanı dosent Hafis Hacıyev açaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı və rifahı naminə misilsiz xidmətlərindən danışıb.
“Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda çıxış edərək, Heydər Əliyevin mənalı ömür yolundan və çoxşaxəli fəaliyyətindən, Ümummilli Liderin Azərbaycanın inkişafındakı misilsiz rolundan, onun zəngin siyasi irsinin bugünkü uğurlarımızın əsasını təşkil etməsindən geniş bəhs edib. Həmçinin diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz tarixi uğurlara imza atıb, ərazi bütövlüyümüz bərpa edilib, Azərbaycan Respublikası dünyada güclü və nüfuzlu dövlətə çevrilib.
Sonda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb