Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “İcbari tibbi sığorta və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Maliyyə və mühasibat fakültəsinin, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) və SABAH Mərkəzinin tələbələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, son illərdə ölkəmizdə səhiyyə sahəsində aparılan uğurlu islahatlardan danışıb. O, 2020-ci ildən respublikada tətbiq edilən icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan bəhs edib və tələbələr arasında bu sahədə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aparıcı məsləhətçisi Sevil Əliyeva “İcbari tibbi sığorta və sağlam həyat tərzinin təşviqi” mövzusunda geniş təqdimatla çıxış edərək, icbari tibbi sığorta haqqında ümumi məlumat verib, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər, dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydasından danışıb və sağlam həyat tərzinin formalaşmasında önəmli rol oynayan amillərdən söz açıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.