Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də səfərdə olub.
Səfərin məqsədi Müdafiə Sənayesi Nazirliyi ilə UNEC arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdən əvvəl nümayəndə heyəti universitetin 3 saylı tədris binasının infrastrukturu, auditoriyaları və müasir tədris laboratoriyaları ilə tanış olub.
Rektor, professor Ədalət Muradov UNEC-in təhsil və tədris imkanları, beynəlxalq əməkdaşlıqları, ikili diplom proqramları, müasir laboratoriyaları və iş dünyası ilə əlaqələri barədə ətraflı məlumat verib. Universitet-sənaye əməkdaşlığının yüksəkixtisaslı kadr hazırlığında mühüm rol oynadığını bildirən rektor, bu əməkdaşlığın səmərəliliyinin artırılmasının, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin, eləcə də tələbələrin istehsalat təcrübəsi və gələcək məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə çıxış edən nazir müavini Hidayət Əzimov Müdafiə Sənayesi Nazirliyi ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O, müdafiə sənayesi ilə yanaşı, digər sənaye sahələri üçün də yüksəkixtisaslı insan kapitalının hazırlanmasının vacibliyindən danışıb. Nazir müavini UNEC-də mühəndislik, informasiya texnologiyaları və kompüter elmləri istiqamətlərində həyata keçirilən mütəxəssis hazırlığını, eləcə də universitetin müasir laboratoriyalarını yüksək qiymətləndirib.
Sonra Müdafiə Sənayesi Nazirliyinin ali təhsil müəssisələri ilə həyata keçirdiyi layihələr, eləcə də UNEC-də rəqəmsal iqtisadiyyat və mühəndislik istiqamətləri üzrə kadr hazırlığı, ikili diplom proqramları, startap layihələri barədə təqdimatlar keçirilib.
Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Mühəndis hazırlığı, elmi tədqiqatlar, innovasiya və tələbə startapları istiqamətində Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsləri yüksək qiymətləndirilib və UNEC-in bu təşəbbüslərə qoşulması barədə razılıq əldə olunub.